Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir:
"Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır. Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü, misal üçün sıxılmış təbii qaz ilə işləyən) istifadənin stimullaşdırılması atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması baxımından yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir".