...

Azərbaycan Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyasının tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa çatdırır (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 17 Fevral 2022 08:10 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyasının tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa çatdırır (MÜSAHİBƏ)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Artıq bir müddətdir ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi yeni mexanizmə əsasən həyata keçirilir. Prosesdən razı qalanlar da var, buna etiraz edənlərdə. Mexanizmin dəyişdirilməsinə səbəb nə idi? Məsələ ilə bağlı bu və digər suallarımızı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev Trend-ə müsahibəsində cavablandırıb.

- Anar müəllim, nəyə görə “İcazə blankları”nın bölgüsü Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən deyil, Xüsusi Komissiyya tərəfindən həyata keçirilir? Məqsəd nədir?

Əvvəllər “İcazə” blanklarının bölgüsünün aparılması zamanı şəffaflığın təmin edilməsi ilə əlaqədar bir sıra çatışmamazlıqlar mövcud idi. Bu xüsusda “İcazə” blanklarının bölüşdürülməsi prosesinin tam şəffaflaşdırılması üçün zəruri tədbirlər görülmüş və ictimai iştirakçılıq təmin edilmişdir. Hazırda “İcazə” blanklarının bölüşdürülməsi Xüsusi Komissiya tərəfindən həyata keçirilir. Xüsusi Komissiya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası nəzdində fəaliyyət göstərir və onun işində bütün aidiyyəti maraqlı tərəflər - dövlət orqanı, assosiasiya və daşıyıcıların nümayəndələri iştirak edirlər.

Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması və inhisarçılığın qarşısının alınmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına tam nail olmaq da qarşıda duran əsas hədəflərdən biridir.

Qeyd edim ki, “İcazə blankları”nın bölgüsü prosesinin təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına şərait yaradır.

- “İcazə blankları” hansı meyarlar əsasında verilir ? Yəni daşıyıcı şirkətlər və sürücülər onu necə əldə edə bilərlər ?

- “İcazə” blanklarına olan tələbat və onların kvota ilə müəyyən edilmiş sayından asılı olaraq “İcazə” blankları defisit, xüsusi defisit və qeyri-defisit “İcazə” blankları kimi müəyyən edilir. Xüsusi defisit “İcazə” blanklarının bölgüsü konkret fakt əsasında daşımanın həyata keçirilməsi üçün tərtib edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) və ya digər təsdiqedici sənədlərin əsasında aparılır. Defisit və qeyri defisit “İcazə” blanklarının bölgüsü daşıyıcıların nəqliyyat vasitələrinin sayı və ya onların bazar payı metodu əsasında aparılır.

“İcazə” blanklarının bölgüsü nəqliyyat vasitələrinin sayı əsasında aparıldıqda bölgüdə iştirak edən daşıyıcıların istifadəsində olan nəqliyyat vasitələrinin sayı və bölgüyə çıxarılan “İcazə” blanklarının sayı əsas götürülür. Hər bir “İcazə” blankı növü üzrə bölgüyə çıxarılan “İcazə” blanklarının sayı həmin “İcazə” blanklarının bölgüsündə iştirak edən daşıyıcılara məxsus nəqliyyat vasitələrinin sayına bölünür və bir nəqliyyat vasitəsinə düşən “İcazə” blankının sayı hesablanır. Bundan sonra bir nəqliyyat vasitəsinə düşən “İcazə” blankının sayı hər bir daşıyıcı üzrə onların nəqliyyat vasitələrinin sayına vurularaq hər bir daşıyıcı üçün bölüşdürülən “İcazə” blankının sayı müəyyən edilir.

Daşıyıcıların bazar payı “İcazə” blanklarının bölgüsü aparılan tarixə daşıyıcının pozuntusuz istifadə etdiyi “İcazə” blanklarının sayının bütün daşıyıcılar tərəfindən istifadə edilmiş “İcazə” blanklarının sayına nisbəti kimi hesablanır. Bazar payı metodu əsasında bölgü aparılarkən bölgüyə çıxarılan “İcazə” blanklarının sayı daşıyıcının bazar payına vurulur və hər bir daşıyıcı üçün bölgü payı hesablanır. Bazar payı metodu əsasında bölüşdürülən “İcazə” blankalarının tam istifadə edilməsini sübut edən daşıyıcılar üçün bölgü ilə müəyyən edilmiş “İcazə” blanklarının sayına həmin sayın 10%-i miqdarında əlavə “İcazə” blankı bölünür.

Qeyri-defisiti ikitərəfli/tranzit daşımalar üçün “İcazə” blanklarının bölgüsü zamanı daşıyıcıya məxsus nəqliyyat vasitələrinin qeyd olunan istiqamət üzrə edə biləcəyi mümkün maksimum reys sayları nəzərə alınır. Daşıyıcı tərəfindən ay ərzində Rusiya və Türkiyə istiqamətinə maksimum 2.5, İran və Gürcüstan istiqamətinə maksimum 3.5, digər ölkələrə 1.5 reys edə biləcəyi qəbul edilir.

“İcazə” blanklarının yuxarıda qeyd olunan üsullarla bölgüsünün aparılması şəffaflığın və ədalət prinsipinin qorunmasına şərait yaradır.

- Bəs bu yeniliklərdən narazı olan sahibkarlar varmı? Səbəb nədir?

- Bildiyiniz kimi, “İcazə blankları” məhdud sayda mübadilə edilir. Yəni “İcazə” blankları xarici dövlətlərlə müəyyən edilmiş kvotaya uyğun mübadilə olunduğu üçün müəyyən limit mövcuddur. Bu səbəbdən də artıq qeyd etdiyim kimi tələbatdan və kvota ilə müəyyən edilmiş saydan asılı olaraq “İcazə” blankları üç kateqoriyaya – defisit, qeyri-defisit və xüsusi defisit kateqoriyalarına bölünüb.

Lakin belə bir məhdudiyyətin olmasına baxmayaraq, bəzi daşıyıcılar daha çox defisit və xüsusi defisit “İcazə” blankı tələb edir. Bu zaman nəzərə almaq lazımdır ki, hər hansı daşıyıcıya bölgü ilə müəyyən edilmiş saydan artıq qeyd olunan “İcazə” blankının verilməsi digər daşıyıcının payının azalması ilə nəticələnə bilər ki, bu da öz növbəsində payı azalan daşıyıcının haqlı narazılığına səbəb olar. Bu baxımdan bəzi daşıyıcılar onların istədikləri qədər “İcazə” blanklarının bölünməməsinə görə narazılıq edirlər.

Qeyd etmək istərdim ki, narazılıq ifadə edən daşıyıcılarla intensiv görüşlər keçirilir, bölgünün aparılmasının prinsipləri barədə onlara ətraflı məlumatlar verilir. Məlumat üçün bildirirəm ki, ötən üç ay ərzində 4 dəfə təxminən 70 nəfərdən ibarət daşıyıcı ilə qrup şəkilində, və çoxlu sayda daşıyıcı ilə fərdi qaydada görüşlər keçirilmişdir.

- “İcazə blankları”nın sayının artırılması mümkündürmü?

“İcazə blankları” ölkələr arasında qarşılıqlı razılığa əsasən daşımaların həcminə uyğun olaraq müəyyən edilir və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

Onu da qeyd edim ki, ikitərəfli daşımaları həyata keçirmək üçün “İcazə” blanklarının sayında, eləcə də onların artırılmasında adətən problem olmur. Lakin 3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının sayının artırılmasında ciddi çətnliklər olur ki, bu da həmin ölkələrin öz beynəlxalq avtomobil daşımaları bazarını qorumaq istəyi ilə əlaqədardır. Belə “İcazə” blanklarının kvotasının artırılması faktiki olaraq öz daşıyıcılarının bazar payının azaldılması ilə nəticələnir. Bu hal bizim tərəfimizdən xarici ölkələrə verilən 3-cü ölkəyə/ölkədən “İcazə” blanklarına da aiddir.

- Məlum olduğu kimi, daşıyıcılar arasında çoxtərəfli icazə olan BNF kitabçalarının da bölgüsü keçirilib. Bu bölgünün mexanizmi haqqında məlumat verməyinizi xahiş edirik?

- İlk öncə qeyd etmək istərdim ki, BNF kitabçaları Beynəlxalq Nəqliyyat Forumu tərəfindən müəyyən edilən kvotaya uyğun olaraq üzv ölkələr üçün ayrılır və 2015-ci ilin may ayında Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası qəbul edilmişdir. Keyfiyyət Xartiyası BNF icazələrinin bölgüsü şərtlərini müəyyən edir və onun tələblərinə əsasən BNF kitabçasından istifadə edən daşıyıcılar təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı bir çox tələblərə cavab verməlidir. Bu xüsusda BNF kitabçalarının bölgüsü aparılarkən ilk növbədə bu tələblərə daha çox cavab verən daşıyıcılara üstünlük verilmiş, ilkin olaraq daşıyıcıların nəqliyyat vasitələri üzrərində istifadə hüququnun olması və sürücülərlə rəsmi əmək müqaviləsinin bağlanılması şərt kimi. Bu tələblərə cavab verən daşıyıcılar arasında bölgü aparıldıqdan sonra yerdə qalan BNF icazələri digər daşıyıcılar arasında bölüşdürülmüşdür.

Avro 5 Rusiya məhdudiyyətli BNF icazələrinə maraq o qədər də yüksək olmadığından, daşıyıcılar tərəfindən götürülməyən bu icazələrin yenidən bölgüsü aparılmış və onlara maraq göstərən daşıyıcılara təklif edilmişdir.

Əlavə olaraq bildirirəm ki, əvvəlki illərdə təxminən 500 ədəd civarında BNF kitabçası istifadəsiz qalırdı. Bu il tətbiq olunan bölgü mexanizmi nəticəsində demək olar ki, bütün BNF icazələri daşıyıcılar arasında paylanılmışdır.

Onu da qeyd etmək istərdim ki, BNF icazələrinin istifadə qaydaları haqqında daşıyıcıların mütləq əksəriyyətində, hətta bir çox iri daşıyıcılarda belə bilik çatışmamazlığı mövcuddur. Bu da öz növbəsində bzim daşıyıcıların mütəmadi olaraq BNF İcazələrinin istifadəsi ilə bağlı tərəfdaş dövlətlərdə cərimələnməsi ilə nəticələnir. Belə halların aradan qaldırılması üçün tərəfimizdən təlimlərin keçirilməsi nəzərdə tutulur.

BNF katibliyindən bir neçə dəfə daxil olan xəbərdarlıq məktublarında da qeyd olunur ki, BNF kitabçalarının Keyfiyyət Xartiyasının tələblərinə cavab verməyən daşıyıcılar tərəfindən istifadə edilməsi, Azərbaycan üçün ayrılan BNF icazələrinin kvotasının məhdudlaşdırılması ilə nəticələnə bilər. Bununla əlaqədar olaraq, növbəti mərhələdə BNF icazələrindən istifadə edən daşıyıcıların Keyfiyyət Xartiyasının tələblərinə cavab verəcək səviyyədə hazırlanması istiqamətində tədbirlər görüləcək, növbəti ilin bölgüsü yalnız bu tələblərə cavab verən daşıyıcılar arasında aparılacaqdır.

Məlumat üçün nəzərinizə çatdırıram ki, artıq bir sıra dövlətlər Keyfiyyət Xartiyasının tələblərini öz daxili qanunvericiliklərinə implementasiya ediblər. Bu proses Azərbaycanda da başlayıb və tamamlanmaq üzrədir. Keyfiyyət Xartiyasının tələblərinin ölkəmizdə tətbiqi avtomobil nəqliyyatı sektorunun inkişafına müsbət töhfə verməklə Azərbaycan daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarında rəqabət qabiliyyətinin artmasına ciddi təkan verəcək.

- “İcazə” blanklarının bölgüsünün daha da təkmilləşdirilməsi üçün hansı növbəti addımlar planlaşdırılır?

- “İcazə” blanklarının bölgüsünün daha da təkmilləşdirilməsi üçün müvafiq proqram təminatının hazırlanması, proseslərin tam avtomatlaşdırılması istiqamətində tərəfimizdən tədbirlər görülür. Proqram təminatında daşıyıcılar üçün elektron kabinetlərin yaradılması, müraciətlərin bu kabinet üzərindən edilməsi, bölgünün nəticələrinin elektron kabinetdə yerləşdirilməsi nəzərdə tutulur.

Bu proqram təminatı daşıyıcıların “İcazə” blanklarına çıxışını sadələşdirəcək, “İcazə” blanklarından səmərəli istifadənin təmin edilməsi üçün effektiv, dayanıqlı və etibarlı idarəetmə sisteminin formalaşmasına imkan verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti