Bakı. Trend:
2024-cü ilin yanvar-fevral ayları ərzində yük və sərnişin
daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq
4,1 faiz və 8,4 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən
təsərrüfat subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb.
Trend-in Dövlət Statistika
Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına
istinadən xəbərinə görə, yüklərin 3,6 faizi dəniz, 8,5 faizi dəmir
yolu, 0,2 faizi hava, 54,7 faizi avtomobil nəqliyyatı, 33,0 faizi
isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 faiz təşkil edib.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19,3 milyon ton yük, 257,5 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9 faiz və 8,8 faiz artım qeydə alınıb.