Bakı. Trend:
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Kiçik Mərdəkan qəsri" bərpa olunacaq.
Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərə 693.509,60 AZN (693 min 509 manat 60 qəpik) vəsaitin sərf olunacağını ehtimal edir.
Qeyd edək ki, Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur.
Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirmiş.