Bakı. Trend:
Azərbaycanın azad olunmuş şəhər və rayonlarında bərpa-quruculuq işləri sürətlə davam etdirilməkdədir.
Trend-in əldə etdiyi məlumata görə, bu tədbirlərin davamı kimi Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işlərinin həyata keçirilməsinə başlanılır.
Belə ki, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işlərini yekunlaşdırıb.
Məlumata görə, kənddə daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işləri yaşayış məntəqəsinin yenidən qurulması layihəsi çərçivəsində icra olunacaq.
Qurum sözügedən işlərin icrasını “Az Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 milyon manat ödənilib.
Xatırladaq ki, bir neçə müddət əvvəl kənd yaşayış məntəqəsində qaz, su, elektrik, eləcə də yol, səki və yaşıllaşdırma işləri start götürüb.
Qeyd edək ki, Cahangirbəylidə müvafiq işlərin həvalə olunduğu “Az Technocon Group” (MMC) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur.