Bişkek.Trend:
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Şurası (AQİF) Qırğızıstanda 9 meqavat gücdə kiçik su elektrik stansiyasının inşasının maliyyələşdirilməsini təsdiqləyib.
Trend Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki, Fondun Şurasının Bakıda keçirilən 4-cü iclasında bir sıra layihələr, o cümlədən 300 iş yeri olacaq tikiş fabrikinin inşası ilə bağlı layihə təsdiq olunub.
İclasın yekunlarına əsasən, Fondun investisiya siyasəti və onun fəaliyyəti üçün digər sənədləri təsdiqlənib. Bundan başqa, çoxfunksiyalı mərkəzin tikintisinin maliyyələşməsi ilə bağlı konsepsiya təsdiqlənib.
İclasın gedişində Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğu və bütün istiqamətlərdə inkişaf etməyə davam etməsi vurğulanıb.
Həmçinin, iclas iştirakçıları Fondun prioritet istiqamətlərinə uyğun gələn perspektivli layihələrin portfelinin formalaşdırılması üzrə aktiv işlərin davam etdirilməsinə dair göstəriş verib.
Xatırladaq ki, Azərbaycan-Qırğızıstan Fondu 2023-cü ildə 25 milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılıb. Fondun başlıca məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığa vasitəçilik etməkdir. Qırğızıstan prezidentinin 24 aprel 2024-cü ildə Bakıya rəsmi səfəri zamanı Fondun nizamnamə kapitalını 100 milyon dollara qədər artırmış əlavə saziş imzalanıb.