Bakı. Trend:
Respublikanın bölgələrində fermerlər arpa biçinini itkisiz həyata keçirərlərsə, onlar hər hektar üzrə təxminən 100–150 manat əlavə qazanc əldə edə bilərlər.
Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.
O bildirib ki, biçində itkisiz məhsul yığımı taxıl istehsalında məhsuldarlığın qorunması və gəlirin artırılması üçün çox vacibdir.
Sədrin sözlərinə görə, düzgün vaxtda, düzgün texnika ilə və düzgün qaydada aparılan biçin zamanı dənlərin yerə tökülməsi, əzilməsi və ya havaya sovrulması kimi itkilər xeyli azalır:
“Respublikanın bölgələrində arpa biçini davam edir. İlkin
mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininə
başlanılıb. Düzgün vaxtda biçildikdə taxılın rütubət səviyyəsi
14–16%, gec biçildikdə rütubət 18–20%-ə çatır, bu isə saxlama
zamanı göbələk riskini artırır. İtkisiz biçin fermerə hektara görə
təxminən 100–150 AZN əlavə qazanc gətirə bilər. 50 ha sahəsi olan
fermer üçün bu, 5.000–7.500 AZN əlavə gəlir deməkdir".
Toxumçular Assosiasiyasının sədri biçində itkisizliyi təmin edən
əsas amilləri də sadalayıb:
“İlk növbədə fermerlər biçin üçün düzgün vaxt seçiminə diqqət etməlidirlər. Taxıl tam yetişdikdən sonra (sarımtıl və sərt dən mərhələsi) biçilməlidir. Gecikmiş biçin dənlərin torpağa tökülməsi ilə sahə itkisinə səbəb olur.
Bundan başqa, fermerlərin diqqət etməli olduqları əsas məqamlardan biri də kombaynların düzgün tənzimlənməsidir. Belə ki, tamburun dövrəsi, boşluqlar və süpürgə sistemi sahənin və taxılın növünə uyğun qurulmalıdır. Sürət çox olarsa, səpələnmə və əzilmə artar; az olarsa, məhsul yığımı zəifləyər.
Həmçinin prosesdə kifayət qədər təcrübəli operatorların iştirakı
vacibdir. Biçin texnikasını idarə edən şəxslər təcrübəli və
diqqətli olmalıdır. Qeyri-peşəkar idarəetmə zamanı dəni əzilmə və
dağılma halları artır.
Eyni zamanda texniki nasazlıqların vaxtında aradan qaldırılması
məhsuldarlığa təsir göstərən amillərdəndir. İstifadə olunan
texnikada davamlı baxım aparılmalı, kəsici bıçaqlar itilənməlidir.
Süzgəc və daşıyıcı qurğular zədəlidirsə, dən itkiyə gedə
bilər”.
M.Əliyeva biçində itkisizliyi təmin edən digər amillər kimi bunları qeyd edib:
“Sahədə çalışan texnika və işçilər bir-biri ilə koordinasiyalı
işləməlidir. Məsələn, kombaynın arxasınca taxıl daşıyan qoşqu
dərhal gəlməlidir. Gecikmə məhsulun sahədə qalmasına və itkisinə
səbəb olur.
Fermerlər biçin zamanı və sonrası nəzarətə ciddi fikir
verməlidirlər. Biçin gedərkən arxadan yoxlamaqla tarlada qalan dən
miqdarı təyin olunmalıdır. Əgər torpaqda çox sayda dən varsa, bu,
tənzimləmələrin düzgün olmadığını göstərir.
Eyni zamanda saman, ot və digər yan məhsullar da düzgün yığılsa, iqtisadi fayda artar və əlavə itkilərin qarşısı alınar”.
M.Əliyeva bildirib ki, itkisiz biçin yalnız texniki vasitələrdən deyil, zamanlama, idarəetmə, əməkdaşlıq və nəzarət kimi bir sıra amillərdən asılıdır. O vurğulayıb ki, müasir texnologiyalardan və təcrübəli heyətdən istifadə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Biçinə düzgün əməl edildikdə məhsul da, zəhmət də, gəlir də qorunur”, - deyə sədr fikirlərini yekunlaşdırıb.