Bakı. Trend:
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstanda kiçik su elektrik stansiyasının tikintisinin gerçəkləşdirilməsinə vəsaitin ayrılmasını təsdiqləyib.
Trend bu barədə Qırğızıstan Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu qərar Bişkekdə Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən AQİF Şurasının altıncı iclasının yekunlarına əsasən qəbul olunub.
Fond Şurası gücü 5,4 MVt olan kiçik su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsini təsdiqləyib. Obyekt Oş vilayətinin Kara-Kulca rayonundakı Kulun çayı üzərində inşa olunacaq.
Layihənin ümumi smeta dəyəri 5,2 milyon ABŞ dolları məbləğində qiymətləndirilir, İnkişaf Fondu isə bu məbləğin 2,5 milyon dollarını təmin edəcək.
SES-in istismara verilməsi regionun enerji təhlükəsizliyinə və iqtisadi inkişafına mühüm töhfə verəcək. Layihənin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına, Oş vilayətinin istehsal potensialının gücləndirilməsinə, həmçinin ölkənin enerji sahəsində idxaldan asılılığının azalmasına imkan yaradacaq.
İclas zamanı iştirakçılar həmçinin Fondun normativ sənədlərinə bir sıra dəyişiklikləri nəzərdən keçirib, cari əməkdaşlıq istiqamətlərini müzakirə edib və əlavə investisiya təşəbbüsləri portfeli ilə tanış olublar.
