Bakı. Trend:
Bu ilin yanvarın 1-i tarixinədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 591 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 99 913 fərdi sahibkar fəaliyyət göstərib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə müvafiq olaraq 351 vahid (6,7%) və 5 114 vahid (5,4%) artım deməkdir.
Belə ki, hesabat ilində mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4 174, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 968 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 248 (ümumi saya görə 2%), Şərqi Zəngəzur iqtisadi rayonunda 56 (ümumi saya görə 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 107 (ümumi saya görə 2,5%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 20 (ümumi saya görə 0,5%) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,5%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 yanvar 2026-cı il tarixinə Qarabağ iqtisadi rayonunda 92 276 (ümumi saya görə 6,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 7 637 (ümumi saya görə 0,5%) fərdi sahibkar fəaliyyət göstərib.
