...

Azərbaycan Prezidenti "Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir İ.Хəlilova /

Azərbaycan Prezidenti İlham Əliyev, 2009-cu il 19 iyun tarixində ölkə parlamenti tərəfindən ratifikasiya edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydalarının müəyyən edilməsi də tapşırılıb.

Vergi Qanunvericiliyinə dörd istiqamətdə - vergi ödəyicilərinin hüquqlarının yüksəldilməsi və onların maraqlarının qorunması (19), vergi inzibatçılığının təkmilləşdirilməsi (16), vergi nəzarəti (7) və redaksiya xarakterli (4) - 46 dəyişiklik edilib.

Dəyişikliklər 2010-cu il yanvarın 1-dən etibarən bir sıra birbaşa vergilər üzrə dərəcələrin azaldılmasını nəzərdə tutur. Gəlir vergisi 22 faizdən 20 faizə, muzdlu işçilər üzrə mənfəət vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün isə 35 faizdən 20 faizə endirilməsini nəzərdə tutur.

Sadələşdirilmiş vergi sistemində də dəyişikliklər nəzərdə tutulub. Hazırda bu vergini rüblük dövriyyəsi 22,5 min manatdan çox olmayan fiziki və hüquqi şəxslər ödəyirlər. Gələn ildən etibarən hüquqi şəxslər 150 min manat, fiziki şəxslər isə 90 min manata qədər dövriyyəyə malik olduqları zaman sadələşdirilmiş vergi ödəmək imkanı qazanacaqlar. Fiziki və hüquqi şəxslər tərəfindən bu limitin keçilməsi halında, onlar 10 gün ərzində vergilər nazirliyində ƏDV ödəyiciləri kimi qeydiyyatdan keçməlidirlər.

Həmçinin 2010-cu ildən etibarən ödəməli əsasda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssislərinin ƏDV ödənişindən azad edilməsi nəzərdə tutulur. Vergi inzibatçılığının təkmilləşdirilməsi çərçivəsində yenilik hesab-fakturaların elektron formada təqdimatı olacaq. Bunun nəticəsində Azərbaycan Şərqi Avropa və MDB-də elektron hesab-fakturalar tətbiq edən ilk ölkə adını qazanacaq.

Həmçinin gələn ildən vergi borcu üzrə faiz ödəmələrinin il ərzində həyata keçirilməsi mümkün olacaq.

Azərbaycanda vergi bəyannamələrinin təqdimatının elektron formada həyata keçirilməsini nəzərə alaraq, ƏDV və sadələşdirilmiş vergi üzrə hesabatların ildə bir dəfə təqdim edilməsi təklif olunub.

İyulun 10-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti