...

Almaniya və Azərbaycan yeni əməkdaşlıq üçün perspektivləri müəyyən edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 14:52 (UTC +04:00)
Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər yüksək səviyyədə qurulub, Bakıda keçirilən XI birgə İqtisadi forum isə ticari-iqtisadi əməkdaşlığın daha da inkişafına xidmət edir.
Almaniya və Azərbaycan yeni əməkdaşlıq üçün perspektivləri müəyyən edir

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.Xəlilova/

Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər yüksək səviyyədə qurulub, Bakıda keçirilən XI birgə İqtisadi forum isə ticari-iqtisadi əməkdaşlığın daha da inkişafına xidmət edir. Bu barədə bazar ertəsi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Forumun əsas məqsədi Azərbaycanla Almaniya arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi və əməkdaşlığın inkişafı üçün fəaliyyətə birgə baxışdır, - nazir müavini bildirib. - Forumda ölkənin investisiya və biznes imkanları, Azərbaycanın uğurları təqdim olunacaq, lakin forum zamanı sənədlərin imzalanması gözlənilmir".

Səfərov ölkələr arasında xarici ticarət əməliyyatlarını yüksək qiymətləndirib. Onların genişləndirilməsi üçün hər il tədbirlər görülür.

"Biz ölkənin qeyri-neft sektoruna alman investisiyalarının cəlb olunmasında maraqlıyıq. Çünki Almaniya iqtisadi cəhətdən çox inkişaf etmiş ölkədir", - Səfərov bildirib.

Almaniyanın Azərbaycandakı səfirliyinin iqtisadi xidmətinin rəhbəri, səfirliyin daimi nümayəndəsi Peter Ziqler biznes forumunun hətta dünya maliyyə-iqtisadi böhranı dövründə belə sabit iqtisadi göstəricilər nümayiş etdirən Azərbaycanla əməkdaşlıq üçün potensial imkanların genişləndirilməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Onun fikrincə, Azərbaycanın gələcəyi üçün etibarlı təminat Azərbaycan Dövlət Neft Fondunda toplanmış vəsaitlərdir. Neft Fondunun səmərəli fəaliyyəti sayəsində bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 25 milyard dollara çatır.

"Azərbaycanın Avropa İttifaqı ilə assosiativ saziş üzrə danışıqlara başlaması AR ilə münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Yeni əməkdaşlıq investisiyalar üçün şəraitin yaranmasına imkan verir", - Ziqler deyib.

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin müdiri Andreas Noymanın sözlərinə görə, alman nümayəndə heyəti ticarət sahəsində əməkdaşlığın genişləndirilməsində, neft sənayesi, eləcə də alternetiv enerji sahəsində investisiyaların həyata keçirilməsində maraqlıdır.

2009-cu ildə Almaniya ilə Azərbaycan arasında mal dövriyyəsinin azalması müşahidə olunub, lakin bu il artım var və dörd ay ərzində xarici mal dövriyyəsi 30 faiz artıb. Almaniya Azərbaycana iqtisadiyyatın şaxələndirilməsində dəstək göstərməyə hazırdır. Bununla əlaqədar olaraq, 2010-cu ilin yekunları üzrə Almaniya ilə Azərbaycan arasında mal dövriyyəsi 2 milyard avronu ötməlidir. Noyman belə hesab edir.

Onun sözlərinə görə, bu gün enerji resurslarını ixrac edən ölkə kimi Azərbaycanın rolu artır. 2009-cu ildə Almaniya 4,2 milyon ton Azərbaycan nefti idxal edib. Bu gün Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında altıncı yeri tutur.

Forumda iştirak etmək üçün Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin rəsmi nümayəndə heyəti Bakıya gəlib.

Nümayəndə heyətinin tərkibinə tikinti, ətraf mühit üzrə texnologiyalar, bərpa olunan enerji, qida texnologiyaları, kənd təsərrüfatı, eləcə də bank və maliyyə sektoru kimi sahələrdə ixtisaslaşan, yeni biznes imkanlarını nəzərdən keçirmək, Azərbaycanda öz şəbəkələrini genişləndirmək niyyətində olan 18 alman şirkətinin nümayəndələri daxildir.

Ümumilikdə forumun işində təxminən 50 iş adamı iştirak edir. Rəsmi açılışdan sonra alman şirkətləri azərbaycanlı tərəfdaşları ilə biznes imkanlarını müzakirə etmək üçün ikitərəfli danışıqlara başlayıblar.

Xəbər lenti

Xəbər lenti