...

Azərbaycanda ödəniş kartlarının sayı il ərzində 6,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir N.İsmayılova/

Avqustun 1-nə Azərbaycanda 4,429 milyon ədəd ödəniş kartı olub ki, bu da iyul ayında 0,8 faiz artım, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 6,6 faiz artım deməkdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının cümə günü yaydığı məlumatda deyilir.

Ödəniş kartlarının bankomat və POS-terminallar vasitəsilə ümumi dövriyyəsi avqustun 1-nə 645 milyon manat, əməliyyatların ümumi sayı isə 4,32 milyon ədəd olub.

Debet kartlarla iyul ayında əməliyyatların sayı 4104 min ədəd olub ki, bu da 584 milyon manat təşkil edir.

Əməliyyatların ümumi sayından debet kartlarla bankomatlar vasitəsilə 3889 min əməliyyat keçirilib ki, bu da 553 milyon manat deməkdir. POS-terminallarla həyata keçirilən əməliyyatlar isə 18 milyon manat dəyərində 117 min əməliyyat olub.

Kredit kartları ilə iyulda 220 min əməliyyat keçirilib. Bu, 61 milyon manat məbləğindədir.

Əməliyyatların ümumi həcmindən bankomatlar vasitəsilə kredit kartları ilə 24 milyon manatlıq 84 min əməliyyat, POS-terminallar vasitələri ilə isə 28 min əməliyyat keçirilib ki, bu da 13 milyon manat təşkil edir.

2011-ci il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 2002 bankomat olub ki, bunun 1112 ədədi Bakıda, 890-ı isə Azərbaycanın regionlarındadır.

Hesabat dövründə ölkədə 11 272 ədəd POS-terminal fəaliyyət göstərib ki, bunların 10 306-sı Bakıda, 966 ədədi isə digər şəhər və rayonlardadır.

Sentyabrın 30-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti