...

Bakıda daşınmaz əmlakın elektron kadastrı sistemi bir il ərzində tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 13:41 (UTC +04:00)
Bakıda elektron kadastr sistemi və rəqəmsal xəritələrin yaradılmasına dair layihə 12 ay ərzində həyata keçiriləcək.
Bakıda daşınmaz əmlakın elektron kadastrı sistemi bir il ərzində tətbiq ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir C.Nəsibova/

Bakıda elektron kadastr sistemi və rəqəmsal xəritələrin yaradılmasına dair layihə 12 ay ərzində həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov Bakıda daşınmaz əmlakın vahid kadastrı sistemi və rəqəmsal xəritələrin yaradılması layihəsinə həsr edilmiş konfransda deyib.

"Belə sistemlər dünyanın bütün inkişaf etmiş ölkələrində uğurla həyata keçirilir. Azərbaycan tezliklə bu sistemə qoşulacaq, bu məqsədlə Dövlət Komitəsi zəruri tədbirlər görür", - o bildirib.

Cəlilovun sözlərinə görə, Bakıda mövcud layihənin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi, Dünya Bankı, Almaniyanın KfW bankı və "Turkiye cumhuriyyeti kutlubey harita ins." şirkətinin layihəsinin reallaşdırılması üzrə tenderin qalibinin dəstəyi ilə olacaq.

"Türkiyəli tərəfdaşlarımız Sumqayıtda kadastrın yaradılması üzrə layihəni reallaşdırır. Layihə bu ayın sonunda başa çatacaq, sonra isə Bakıda 12 aya hesablanmış layihə həyata keçiriləcək", - Cəlilov qeyd edib.

Onun sözlərinə görə, Əmlak Komitəsi sistemi və bu sahədə Avropa ölkələrinin təcrübəsini nəzərə alaraq, ölkədə daşınmaz əmlakın rəqəmsal kadastrı sisteminin yaradılması və tətbiqi məqsədi ilə aktiv fəaliyyət göstərir və zəruri addımlar atır.

Tədbirdə Əmlak Komitəsinin əməkdaşlarından savayı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, ARDNŞ-nin, habelə "Azərsu", "Azərnerji" və "Azəriqaz"ın əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti