...

Azərbaycan Los Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 12:15 (UTC +04:00)
Azərbaycan "Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisində iştirak edib.
Azərbaycan Los Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan "Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisində iştirak edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir.

Konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələri, əsrarəngiz təbiəti, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən "Wonders of Azerbaijan" turizm şirkəti "İpək Yolu üzərində Azərbaycan", "Aleksandr Dümanın izi ilə qida və şərab turu", "Mədəni müxtəliflik turu" və "Eko-tur" kimi turizm paketleri təqdim edilib.

Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.

Sərgi iştirakçılarına Baş konsulluq tərəfindən Qarabağa dair hazırlanmış kitabça paylanılıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti