...

Azərbaycan və Almaniya daşınmaz əmlakın idarə edilməsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 17:01 (UTC +04:00)
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla 16-17 sentyabrda Bakıda səfərdə olmuş Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin Baş direktoru Bruno Kalın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan və Almaniya daşınmaz əmlakın idarə edilməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla 16-17 sentyabrda Bakıda səfərdə olmuş Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin Baş direktoru Bruno Kalın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə K.Həsənov bildirib ki, son illər Azərbaycanla Almaniya arasında ikitərəfli əməkdaşlıq əlaqələri getdikcə inkişaf edir. O, qonaqlara Komitənin vəzifə və funksiyalarının icrası sahəsində səmərəliliyin və operativliyin daha da artırılması, habelə şəffaflığın təmin olunması məqsədi ilə həyata keçirilən işlər, o cümlədən elektron xidmətlərin geniş tətbiqi barədə məlumat verib.

Eyni zamanda, görüş çərçivəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və kadastrı sahəsində həyata keçirilən işlər və əldə olunmuş nəticələr barədə danışılıb.

B.Kal ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söhbət açıb. Gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının aidiyyəti qurumları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsində yaxından köməklik edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib.

Görüşdən sonra Almaniya nümayəndə heyəti Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində olub. Burada nümayəndə heyətinin üzvləri qurumun fəaliyyəti, daşınmaz əmlakın və əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı proseslərinin gedişatı və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar.

Səfərin sonuncu günü nümayəndə heyəti Almaniyanın "GIZ" təşkilatının mütəxəssisləri ilə birgə "Yeni BEMZ" açıq səhmdar cəmiyyətində olub, müəssisə üçün hazırlanmış restrukturizasiya və sağlamlaşdırma proqramının icra vəziyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti