...

Azərbaycanda gənc sahibkarlar üçün yeni imkanlar yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 15:30 (UTC +04:00)
"Youth Inc." gənclərin sahibkarlıq proqramı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə təşkil olunan ölkə gəncləri ilə görüşündə təqdim olunub.
Azərbaycanda gənc sahibkarlar üçün yeni imkanlar yaradılacaq

Bakı. Trend:

"Youth Inc." gənclərin sahibkarlıq proqramı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə təşkil olunan ölkə gəncləri ilə görüşündə təqdim olunub.

Tədbirdə çıxış edən "Youth Inc." proqramının meneceri Müşfiq Həsənov qeyd edib ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən sözügedən proqram Azərbaycanda gənc sahibkarlıq potensialının realizə edilməsini əsas vəzifələrindən biri sayan "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

Görüş çərçivəsində Müşfiq Həsənov gənc sahibkarlar üçün yeni imkanların yaradılması və startapların dəstəklənməsi məqsədilə bir neçə təklif irəli sürüb.

Görüş zamanı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində bir çox effektiv tədbirlərin keçirildiyini və nailiyyətlər əldə olduğunu vurğulayan Müşfiq Həsənov qeyd edib: "Dövlət Proqramının vacib tərəfi gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi idi. "Youth Inc." proqramı da məhz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində fəaliyyətə başlayıb. "Youth Inc." - cəmiyyətin, dövlətin və biznesin effektiv əməkdaşlığı sahəsində gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirmək üçün həyata keçirilən bir proqramdır. Bu 3 il ərzində proqram vasitəsilə 5 min nəfərə yaxın gənc müxtəlif biznes təlimlərində iştirak edib və bir neçə biznes ideyanın startapları yaradılıb. Bu nümunələr onu göstərir ki, Azərbaycanda biznesə başlamaq çox asandı".

Daha sonra təkliflərini səsləndirən Müşfiq Həsənov gənc sahibkarların dəstək fondunun yaradılması, innovasiyalar, startaplar, texnoloji transferi dəstəkləmək və belə layihələrin inkişafı üçün gənc sahibkarlıq sahəsində fəaliyyət göstərən mərkəzlərin sayının artırılması və kənd təsərrüfatı sahəsində gənc sahibkarlara maliyyə yardımı göstərilməsindən danışıb. Müzakirə zamanı Prezident İlham Əliyev bu ideyaları bəyənib və qeyd edib: "Vurğuladığınız məsələlər olduqca vacibdir. Gəncliyimizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Buna görə də sahibkarlığın inkişafı üçün bir sıra işlər görülür. Bu günədək sahibkarlara güzəştli şərtlərlə 1,7 mlrd. manat kredit verilib. Bu il ərzində isə 250 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Hazırda həm Bakıda, həm də regionlarda biznes inkubatorların yaradılması prosesi gedir. Gənc sahibkarların müəyyən struktur çərçivəsində formalaşması yaxşı ideyadır. Əgər onlara dəstəyin artırılması üçün xüsusi mexanizm lazımdırsa təklif olaraq təqdim edə bilərsiniz. Yaxın zamanda Azərbaycanda bütün istiqamətlər üzrə sahibkarlıq inkişaf etdirilməlidir".

İdeyanın davamı olaraq Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında bildirib: "Gənclər Fondu olaraq Avropada belə tətbiq olunmayan prosesə başladıq. Hər bir vətəndaş bizə müraciət edərək dəstək ala bilər. Azərbaycan hökuməti öz vətəndaşına inanır və onun ideyalarına investisiyalar yatırır. Ümumilikdə, bu günədək Fond tərəfindən 2 333 layihə dəstəklənib. Onu da qeyd edək ki, dəstəklənən layihələr təkcə Bakını deyil, digər regionlarımızı da əhatə edir. Biz istərdik ki, artıq Gənclər Fondu beynəlxalq arenada tanınsın və Müşfiq Həsənovun qeyd etdiyi kimi startaplara da dəstək göstərilməsi növbəti fəaliyyət istiqamətlərimizdən birinə çevrilsin".

Hər iki təklif Prezident İlham Əliyev tərəfindən dəstəklənib.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında yaradılan "Youth Inc." Biznes İnkubasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformadır və şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərə bir sıra imkanlar təklif edir.

"Coca-Cola"nın "Youth Inc." proqramı çərçivəsindəki fəaliyyəti Azərbaycanda gənc insanların təhsil və bizneslərinin inkişafının dəstəklənməsinə yönəldilib. "Coca-Cola" hesab edir ki, iqtisadi artımın stimullaşdırılması və ölkənin dayanıqlı inkişafına yardım baxımından gənclərə yatırılan investisiyalar vacibdir. Təqdirəlayiqdir ki, "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihə həyata keçirib.

"Youth Inc." proqramı barədə daha ətraflı məlumat: www.youthinc.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti