Bakı. Trend:
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Trend-in Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) saytına istinadən verdiyi məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 milyon 864 min manatdan artıq kompensasiya ödənilib.
30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank" ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 749 min manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri ərizə formalarını Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.