...

Xarici valyutada əmanəti olanların nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 17:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu xarici valyutada əmanəti olan şəxslərə müraciət edib.

Fonddan Trend-ə verilən məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qorunan əmanətçilər kateqoriyasına aid olan fiziki şəxslər xarici valyutada olan əmanətlərinin tam sığortalanmasını istədikdə, əmanət müqavilələrinə Fondun Himayəçilik Şurasının 2016-cı il 1 mart tarixli qərarına əsasən müəyyən olunmuş xarici valyutada illik faiz dərəcəsi 3 olmaqla müvafiq dəyişikliklər edilməsi üçün əmanət müqavilələri bağlanmış banklara müraciət etməlidirlər. Bu zaman müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Belə dəyişikliklərin edilməsində maraqlı olmayan, yəni mövcud əmanət müqaviləsində əmanətçinin əmanətlərinin məbləği 30 min manatdan çox deyilsə və faiz dərəcəsi 12 faizdən artıq deyilsə, deməli, onun əmanəti qorunur və sığorta olunur. Belə ki, əmanət müqaviləsinin müddəti bitənədək əvvəlki şərtlərlə müddəti bitənədək sığortalı hesab edilir. Bu halda Fondun iştirakçı bankında sığorta hadisəsi baş verdikdə kompensasiyalar Fond tərəfindən əvvəlki miqdarda, yəni 30 min manata qədər məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Əmanət müqavilələrinin müddəti qurtardıqda həmin günə qorunan əmanətlər üçün hansı faiz dərəcəsinin qüvvədə olmasına diqqət yetirmək vacibdir. Bəzi hallarda əmanət müqavilələri eyni şərtlərlə təkrar uzadılır və həmin günə Fond tərəfindən qorunan əmanətlər üçün maksimal faiz dərəcəsi nəzərə alınmır və nəticədə faiz dərəcəsinə görə qorunan əmanət qorunmayan əmanət statusunu alır və kompensasiya ödənişi zamanı müştəriyə kompensasiya ödənişindən imtina edilir.

Azərbaycan manatında qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməyib (12 faiz qalıb), dəyişən yalnız məbləğdir. Yəni manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb.

Əmanətçilərin nəzərinə çatdırılır ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək.

Məsələn: A əmanətçi 9 yanvar 2016-cı il tarixində bir il müddətinə X bankda 12 faizlə 10 min ABŞ dolları yerləşdirib. Bu əmanətçinin əmanətinin müddəti bitənədək onun əmanəti qorunur və sığortalanır. Sığorta hadisəsi baş verdikdə 10 min ABŞ dolları və faizləri Fond tərəfindən kompensasiya edilir.

B əmanətçi 15 yanvar 2016-cı il tarixində 12 faizlə bir il müddətinə 100 min ABŞ dollarında əmanət yerləşdirib. Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır və kompensasiya məbləği 19 124 ABŞ dolları (30 000 (AZN) /1.5687(məzənnə)= 19124) təşkil edəcəkdi və qalan vəsaiti (80 876 ABŞ dolları) Sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir. Bank müraciət gününə qədər hesablanmış faizləri hesablayır və müştəriyə ödəyir. Müştərinin istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini (ABŞ dolları və ya digər xarici valyutalar üçün 3 faiz) tətbiq etməklə yeni müqavilə bağlayır və müştərinin əmanəti tam qorunur. Sığorta hadisəsi baş verdikdə 100 min ABŞ dolları və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya edilərək ödənilir.

Məsələn: C əmanətçi Y bankda 14 yanvar 2016-cı ildə 12 faizlə iki il müddətinə 200 min manat yerləşdirib. Sığorta hadisəsi baş verəndə əvvəllər əgər 30 min kompensasiya alacaqdırsa, yeni qanuna əsasən sığorta hadisəsi baş verəcəyi halda 200 min manatı və hesablanmış faizləri Fond tərəfindən tam kompensasiya edilərək ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti