...

Mer: "Neapol və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlıyıq" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2017 16:19 (UTC +04:00)
Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Mer: "Neapol və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlıyıq" (FOTO)

Bakı. Trend:

Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək, İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb. 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayan mer Neapol və Bakı arasında qardaşlıq əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. O, əlavə edib ki, iki şəhər arasında turizm əlaqələrinin inkişafı çox vacibdir. Neapol və Bakı arasında birbaşa aviareysin açılması bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Neapol-Bakı Assosiasiyanın prezidenti Cüzeppe Kaniliya təşkilatın bu günə qədər olan fəaliyyətindən qısa söhbət açaraq, assosiasiyanın yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsində yaxından xidmət göstərdiyini və bir sıra tədbirlərin təşkilatçısı olduğunu bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə səmimi qəbul üçün Neapol meri Luici De Magistrisə təşəkkürünü bildirib. Səfir İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu və hazırda strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. O, Bakı ilə Neapol arasında qardaşlıq əlaqələrinin iki ölkənin münasibətlərində əhəmiyyətini qeyd edərək, bunun daha da dərinləşdirilməsi istiqamətində Neapol merinin dəstəyinə görə təşəkkür edib. Səfir Azərbaycan nümayəndə heyətinin Neapola səfərinin Xocalı soyqırımının 25-ci ildönümünə təsadüf etdiyini, bu xüsusda Neapolda Xocalı soyqırımı qurbanlarının anım tədbirinin keçiriləcəyini söyləmiş, habelə bu faciə və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumat verib.

Assosiasiya tərəfindən tədbirə dəvət olunan millət vəkili, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. Ölkəmizlə bağlı Neapol şəhər merinə geniş məlumat verən millət vəkili Q.Paşayeva Neapolla Bakı arasında əməkdaşlığın inkişafı istiqamətində, iqtisadi, mədəni və turizm sahəsində əlaqələrin daha da artması üçün geniş imkanlar olduğunu vurğulayıb və əməkdaşlığın daha da genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu vurğulayan millət vəkili Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, hökuməti və parlamentinin İtaliya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipal məsələdə İtalyanın ədaləti dəstəkləməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva Xocalı soyqırımının 25-ci ildönümündə İtaliya Senatında ədaləti dəstəkləyən çıxışlar edən senatorların mövqeyini yüksək qiymətləndirdiyini və İtaliyanın daim ədalətin yanında olacağına əminliyini vurğulayıb. O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu qeyd edib.

Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaş kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını, prezidentliyi dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Neapol və Bakı arasında qardaşlaşma protokolunun imzalanması da məhz bu dahi şəxsiyyətin hakimiyyət illərinə təsadüf etdiyini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti