Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir K.Zərbalıyeva, müxbir S.Əliyev /
"Bakı Dəmiryolu Vağzalına bomba qoyulması barədə məlumat hələ ki, təsdiqlənməyib", bu barədə şənbə günü "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin başçısı Nadır Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda vağzalın və biletlərin satışı üzrə kassaların işi tamamilə bərpa olunub. Qatarlar vazğalın platformalarına daxil olacaq.
Trend -un hadisə yerində olan müxbirinin məlumatına əsasən, şənbə günü saat 8-də Polis İdarəsinə Dəmiryolu Vağzalında bomba yerləşdirilməsi barədə anonim zəng daxil olub. Zənd edən şəxsin sözlərinə əsasən, bomba dəmiryolu kassaları yerləşən hissədə qoyulub.
Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Dəmiryolları" QSC sərnişinlərin boşaldılmasını digər stansiyalarda həyata keçirib. Tbilisi-Bakı sərnişinləri Biləcəri stansiyasında, Rostov-Bakı - Sabunçu stansiyasında, Bakı-Böyük Kəsik - Keşlə stansiyasında boşaldılıb. Bütün bu stansiyalar Bakının şəhərətrafı qəsəbələrində yerləşir.