...

Petkim limanının idarəçiliyi haqqında sazış imzalanıb

Energetika Materials 22 Fevral 2013 20:01 (UTC +04:00)
Bu gün ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinə məxsus limanın idarəçiliyinə dair sazişin imzalanma mərasimi olub.
Petkim limanının idarəçiliyi haqqında sazış imzalanıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bu gün ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan "Petkim" Neft-Kimya Holdinqinə məxsus limanın idarəçiliyinə dair sazişin imzalanma mərasimi olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, saziş "Petkim"in 100 faizli törəmə müəssisəsi olan "Petlim" Limançılıq Ticarət şirkəti ilə konteyner terminallarının idarəçiliyi sahəsində dünyada lider olan Niderlandın "APM Terminals" (APMT) şirkəti arasında imzalanıb. "SOCAR Türkiyə" şirkətinin rəhbəri, "Petkim"in idarə heyətinin üzvü Kənan Yavuz, şirkət rəhbərinin birinci müavini Samir Kərimli və "APM Terminals" şirkətinin birləşmə və satınalmalar direktoru Teo Dersiqni tərəfindən imzalanmış sənədə əsasən, "Petkim"in ərazisində tikiləcək konteyner limanının idarəçiliyi "APM Terminals" şirkətinə həvalə olunur.

Konteyner limanına sərmayə qoyuluşunun ilk mərhələsi 2015-ci ildə, ikinci mərhələsi isə 2016-cı ildə tamamlanmalıdır. Layihə çərçivəsində həyata keçiriləcək infrastruktur və inşaat işlərinə "Petlim" Limançılıq Ticarət şirkəti tərəfindən 300 milyon dollar vəsait ayrılması nəzərdə tutulur. APMT isə maşın və avadanlıq xərclərini öz üzərinə götürüb. Sazişə uyğun olaraq, konteyner limanı 28 il müddətində APMT tərəfindən işlədiləcək. Limanın illik yük potensialı 1,5 milyon TEU civarında olacaq. Gələcəkdə isə bu rəqəmin 4 milyona çatdırılması nəzərdə tutulur.

İmzalanma mərasimində qeyd olunub ki, yeni konteyner limanının istifadəyə verilməsi ilə Pire və İsgəndəriyyə limanlarında vaxt itkisinin qarşısı alınacaq, türk sənayeçiləri böyük miqdarda əlavə mənfəət əldə edəcək. Limanın sahəsi hazırda Türkiyənin ən böyük limanı sayılan Alsancak limanının bugünkü sahəsi ilə müqayisədə 50% çox olacaq. Logistik dəstək ərazisi 48 hektar təşkil edəcək. Bu isə Petkim limanının regionda ən böyük inteqrasiya və logistika mərkəzinə çevrilməsinə imkan yaradacaq. Eyni zamanda vurğulanıb ki, ARDNŞ-nin Petkim yarımadasında görəcəyi işlər nəticəsində holdinqin yerləşdiyi Əliağa və Nemrut limanlar bölgəsinin dünyadakı başlıca logistika mərkəzlərindən birinə çevrilməsinə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti