...

ARDNŞ üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunması ilə bağlı müşavirə keçirilib

Energetika Materials 28 Yanvar 2014 21:05 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsi və idarəetmənin çevikliyinin artırılması məqsədilə bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın icrası ilə əlaqədar müşavirə keçirilib.
ARDNŞ üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunması ilə bağlı müşavirə keçirilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsi və idarəetmənin çevikliyinin artırılması məqsədilə bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın icrası ilə əlaqədar müşavirə keçirilib.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, müşavirədə ARDNŞ-nin aidiyyəti idarələrinin rəhbərləri, həmçinin kadr, hüquq, iqtisadiyyat və uçot idarələrinin rəisləri iştirak ediblər. ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov idarələrdə və müəssisələrdə bu prosesin gedişi ilə bağlı işəgötürənlərin məlumatını dinləyib və çıxış edərək bildirib ki, hazırda şirkətin strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə zəruri tədbirlər həyata keçirilir: "Bəzi struktur vahidlərində bir neçə pilləli idarəçilik sistemi daha çevik və operativ strukturla əvəz olunur. Bu tədbirlər ARDNŞ-nin beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslərin gedişində şirkət rəhbərliyi üçün əsas amil insan faktorudur, ləğv olunmuş idarələrdə işçilərin məşğulluğunun maksimum təmin olunmasıdır. Lakin strukturun sadələşdirilməsi prosesində bəzi müəssisələrdə müəyyən sayda işçi heyətin sərbəstləşməsi də labüddür. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin tapşırığı bundan ibarətdir ki, sərbəstləşən işçilər daim şirkətin qayğısını hiss etməli, onların mövcud vakant ştatlara yerləşdirilməsi işi tam ədalətli və şəffaf aparılmalıdır".

Sərbəstləşən işçilərə münasibətdə Şirkət prezidentinin tapşırığına əsasən 3 istiqamət üzrə adekvat tədbirlərin həyata keçirildiyini vurğulayan X.Məmmədov müvafiq təlimatlandırmanın aparılmasına ehtiyac olduğunu söyləyib. Qeyd olunub ki, birinci istiqamət sərbəstləşən işçilərin ixtisas və səriştələrinə uyğun vakant ştatlar olduqca şirkətin müəssisələrində yerləşdirilməsini əhatə edir: "ARDNŞ-nin idarə və müəssisələrinə işə kənardan qəbul 3 aydır ki dayandırılıb və bütün vakant ştatlara struktur təkmilləşdirilməsi tədbirləri nəticəsində sərbəstləşən işçilər yerləşdiriləcək. Bu məqsədlə İnsan Resursları Departamenti xətti ilə test yoxlamaları keçirilməli, onların bilik və səriştələri obyektiv qiymətləndirilməlidir".

Daha sonra ikinci istiqamət üzərində dayanan vitse-prezident bildirib ki, ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilər "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"a qoşularaq ixtisas dəyişməsi üçün Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Təlim Mərkəzlərində keçirilən kurslara cəlb oluna bilərlər. Bu kateqoriyadan olan sərbəstləşən işçilər Proqram müddəti (1 il) ərzində əməkhaqlarının 50%-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, Şirkətin, habelə neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər.

ARDNŞ-nin Təlim Mərkəzlərinin bu istiqamətdə lazım gələn bütün tədbirləri görmək üçün tam hazır olduğunu söyləyən X.Məmmədov bildirib ki, sərbəstləşən işçilərə münasibətdə Şirkətin həyata keçirəcəyi tədbirlərin üçüncü istiqamətini ənənəvi neftçi peşələrinə malik olmayan və əsasən idarəetmə strukturlarında çalışmış şəxslərlə iş təşkil edir. ARDNŞ bu istiqamətdə də sosial məsuliyyəti öz üzərinə götürərək, sərbəstləşən işçilərə lazımi dəstək göstərməyə hazırdır. Bu istiqamət üzrə Azərbaycanda əmək bazarının diqqətlə öyrənilməsi, ehtiyac duyulan peşə və ixtisasların müəyyənləşdirilməsi, həmin ixtisaslar üzrə müvafiq kursların təşkil olunması, tədris üçün hətta lazım gələrsə, xaricdən aparıcı mütəxəssislərin dəvət edilməsi kimi tədbirlər nəzərdə tutulur. Burada qazanılacaq uğurun sərbəstləşən işçilərin yeni ixtisas qazanmaq istəklərindən asılı olduğu xüsusi vurğulanıb.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"ın icrasının həyata keçirilməsi məqsədilə yaradılmış komissiyanın sədri, ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov hazırda proqramdan xeyli işçinin yararlandığı bildirib və sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağını vurğulayıb.

Müşavirədə görülən işlərlə bağlı idarə rəhbərlərinin hesabatı dinlənilib, ortaya çıxan suallar ətraflı cavablandırılıb, sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın ayrı-ayrı maddələri üzrə konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti