Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H. Vəliyev/
2013-cü ilin yanvar-may ayları ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət şöbəsinin iş planına daxil olmuş göstəriş və müraciətlərə əsasən, 313 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DRİ-nin yaydığı məlumatda deyilir.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən 226 ədəd müxtəlif növ REV aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib,7 ədədi istismardan çıxarılıb, qalan 54 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 30 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.