Azərbaycan, Bakı, 6 iyun /Trend/
Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 2014-cü ilin 5 ayı ərzində iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 295 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
DRİ-dən Trend-ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 159 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 54 ədədi möhürlənib, 59 ədədi qeydiyyata salınıb və 46 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 9 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.