...

Fərid Cəfərov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini geniş ictimaiyyətə, xüsusən də gənclərə çatdırmaqda maraqlıyıq (FOTO)

Nəzər nöqtəsi Materials 21 İyun 2018 16:02 (UTC +04:00)
“Azərbaycan Xalq Cümhuriyyəti Parlament simulyasiyası” adlı tədbir keçirilib.
Fərid Cəfərov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini geniş ictimaiyyətə, xüsusən də gənclərə çatdırmaqda maraqlıyıq (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Sabunçu rayon Gənclər Evində Azərbaycan Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti Parlament simulyasiyası” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən F.Cəfərov bildirib: "Gənclər Fondu bütün vacib təqvim günləri ilə bağlı gənclər üçün müəyyən tədbirlər keçirməyə çalışır ki, gənclərimiz öz tarixlərinə, milli dəyərlərinə daha yaxın olsunlar. Bu fəaliyyətimizin tərkib hissəsi kimi fikirləşdik ki, bu cür tədbirin keçirilməsi məqsədəuyğundur. Bilirsiniz ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir və təbii ki, bununla hər birimiz fəxr edirik. Eyni zamanda biz AXC-nin 100 illiyini geniş ictimaiyyətə, xüsusən də gənclərə çatdırmaqda maraqlıyıq. Həm də bu bizim bir vəzifə borcumuzdur. Ona görə də biz bu istiqamətdə bir sıra tədbirlər keçirmişik və bir sıra tədbirlər də keçirməyi planlaşdırırıq. Bu cür tədbir keçirməkdə məqsəd odur ki, biz gənclərimizi AXC barədə yalnız məlumatlandırmayaq, eyni zamanda, müəyyən formada gənclərin özlərinin iştirakı ilə həmin tarixi hadisələri bir növ canlandıraq və gənclərimiz bu tarixi hadisələri, Cümhuriyyətin əhəmiyyətini bilavasitə özləri yaşasınlar”.

Daha sonra tədbirdə çıxış edən S.Rüstəmova-Tohidi bildirib ki, bu cür tədbirlər keçirməklə gənclərimiz Azərbaycan tarixinin, milli dövlətçilik tariximizin ən şanlı səhifələri ilə təmas quracaqlar.

O qeyd edib ki, gənclər bu layihələrdə iştirak etməklə daxilən xeyli zənginləşəcək: “Çünki siz Azərbaycan dövlətçiliyinin yaranması mərhələsində o dövrü yaşamış insanların keçdiyi yolu keçəcəksiniz, onların düşüncələri ilə tanış olacaqsınız”.

Daha sonra tədbir Azərbaycan Xalq Cümhuriyyəti Parlament simulyasiyası ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti