...

Mehdi Abdullayev: Azərbaycan-Rusiya münasibətləri inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir

Nəzər nöqtəsi Materials 30 Sentyabr 2018 13:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və Rusiya xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.

Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə (əsasən üst qatlarda) müəyyən qalxmalar, enmələr, təbəddülatlar olsa da, alt qatlarda – xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb.

1991-ci ilin avqustunda məşhur "QKÇP” hadisəsindən, yəni Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycan və Rusiya arasında ilk illərdə bəzi obyektiv və subyektiv səbəblərdən müəyyən gərginliklər yaşandı. Ancaq 1993-cü ilin iyun hadisələrindən, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə də geriləmələr, gərginliklər tədricən aradan qalxmağa başladı.

Xüsusilə də Azərbaycan tərəfindən münasibətlərin yaxşılaşdırılması, rəvanlaşdırılması istiqamətindəki səmimi cəhdlər daha çox özünü büruzə verdi və nəticədə də münasibətlər əvvəlki tempinə, normallaşma sürəcinə qaytarıldı. Rusiyada Boris Yeltsinin hakimiyyətdən getməsi və Vladimir Putinin hakimiyyət olimpinə yüksəlməsi ilə qonşu dövlətin siyasətində, xüsusilə də qonşularla və ənənəvi müttəfiqlərlə münasibətlərində praqmatizm və konstruktivizm, sağlam, qarşılıqlı faydalılığa və səmərəliliyə dayanan əməkdaşlıq meyilləri özünü göstərdi.

Böyük siyasət ustası və müdrik dövlət rəhbəri Heydər Əliyevin Rusiya ilə bağlı daimi xoşməramlı mövqeyi də öz qarşılığını görməyə başladı. Və beləliklə, Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri baş verdi, bir çox mühüm məsələlər və sahələr üzrə hər iki dövlətin və xalqın milli, dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı.

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasətini uğurlu şəkildə davam etdirməsi ilə Azərbaycan-Rusiya münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə Azərbaycan Prezidenti Rusiyaya rəsmi və işgüzar səfərlərə yola düşdü, eyni zamanda Rusiya Prezidenti V.Putinin bir neçə dəfə Azərbaycana yüksəksəviyyəli səfərləri reallaşdı. Hətta bu səfərlərin, qarşılıqlı etimada, etibara və səmimiyyətə dayanan münasibətlərin nəticəsi olaraq ölkəmiz ilk dəfə, 2016-cı ilin avqustunda Bakı şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin – “Üçlər” formatının Zirvə toplantısına ev sahibliyi etdi və bunun davamı olaraq, növbəti görüş 2017-ci ilin noyabr ayında İranda, Tehran şəhərində gerçəkləşdirildi. Heç şübhəsiz ki, bunlarda da hər iki dövlətin rəhbərlərinin xidmətləri və fəaliyyətləri müstəsnadır, əvəzsizdir. Bu günümüzə gəlincə, Azərbaycan və Rusiya, prezidentlər İlham Əliyev və Vladimir Putin arasında münasibətlər elə bir inkişaf səviyyəsində, mərhələsindədir ki, son üç ay ərzində iki dövlət başçısının Tacikistandakı sammiti də nəzərə alsaq, beş görüşü baş tutub. Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə Soçi görüşməsindən isə bizi günlər ayırır.

Tam qətiyyətlə söyləmək mümkündür ki, həmin görüş münasibətlərin, əlaqələrin zirvə görüşü idi. Bu görüşdə, bu səfərdə iki ölkənin milli maraqlarına cavab verən onlarla saziş imzalandı, hər iki dövlət başçısının imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarında çox əhəmiyyətli və gələcək əməkdaşlığın daha da gücləndirilməsinə yönəlik önəmli fikirlər bəyan edildi, mesajlar səsləndirildi. Statistikaya, faktlara, rəqəmlərə müraciət etsək görərik ki, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Ötən illər ərzində Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Ötən illərdə, həmçinin sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənmək üzrədir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

Həmçinin Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlara “Qazprom”u, “Transneft”i və “LUKOYL”u misal göstərmək olar. Eyni zamanda, Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq “Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması da ən perspektivli layihələrdən biri hesab oluna bilər. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yükdaşımaları xeyli sürətləndirməyə imkan verəcək ki, bu arteriyanın da ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də “Şimal-Cənub" dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək və bu marşrutun ayrı-ayrı hissələri üzrə işlər davam etdirilməkdədir. Bununla yanaşı, üzümüzə gələn 2019-cu ildə ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir və bu istiqamətdə də işlər tamamlanmaq üzrədir.

Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqə saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forumun keçirilməsi nəzərdə tutulur. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının gələcəyi gözlənilir. Rusiya idxala görə də Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Bu gün Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşılır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

Rusiya, eyni zamanda, 30 ildən artıq davam edən və hələ də ədalətli həllini tapa bilməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində gözləntilər digər həmsədr dövlətlərdən bəlkə də ən çox qonşu və dost Rusiyadandır. Azərbaycan vətəndaşları bu münaqişənin sülh yolu ilə ədalətli həllinə Rusiyanın töhfələr verəcəyinə daha çox ümidlidirlər. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti son Soçi görüşündə səsləndirdiyi bəyanatında da bu məqama xüsusi yer ayırmışdı.

“Bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər”, - deyən dövlət başçımız Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynadığını vurğulamış və belə bir əminliyini də ifadə etmişdi: “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Rusiya Prezidenti isə öz növbəsində “Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq”, - deyərək, Minsk qrupunun həmsədri kimi Rusiyanın bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyinə diqqət çəkmişdi.

Sentyabrın 27-də iki dövlət başçısı arasında son üç aydakı 4-cü görüş baş tutdu. Prezidentlər əvvəlcə təkbətək görüşdülər. “Sizin bugünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda – minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük", - deyən dövlətimizin başçısı bunun münasibətlərin səviyyəsinin parlaq göstəricisi olduğunu vurğuladı və qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edilir.

“Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”, - deyə, Azərbaycan Prezidenti bəyan etdi.

Bakıya dəvətə və cüdo üzrə dünya çempionatına baxmaq imkanına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Rusiyanın dövlət başçısı isə münasibətlərin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, həmişə danışmağa sözlərinin olduğunu bəyan etdi.

Rusiya Prezidenti “Necə deyərlər, MDB-nin sammit meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin”, – deyə, sözlərinə əlavə etdi.

Təkbətək görüşdən sonra hər iki dövlət rəhbəri Bakıda keçirilən cüdo üzrə növbəti dünya çempionatını izlədilər, daha sonra Azərbaycanın, doğma Bakımızın yüksək səviyyədə ev sahibliyi etdiyi IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılaraq həm iştirak, həm də çıxış etdilər. Vladimir Putinin son 5 il ərzində 4-cü dəfədir Azərbaycanda olduğunu deyən Azərbaycan Prezidenti Forumda çıxışı zamanı özünün də müntəzəm olaraq Rusiyaya səfər etdiyini xatırlatdı: “Bu da bizim tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur”.

Dövlətimizin başçısı, həmçinin təkcə Azərbaycan milli aviaşirkətinin Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirdiyini, Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını, hələ ilin başa çatmamış 9 ayı ərzində 700 minədək rusiyalının Azərbaycanı ziyarət etdiyini və bu rəqəmin gələcəkdə artacağını söylədi. Eyni zamanda vurğuladı ki, Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır, yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb, eləcə də ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub. Rusiya regionları ilə də çox sıx münasibətlərin mövcudluğuna diqqət çəkən cənab İlham Əliyev bildirdi ki, Federasiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var.

“Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır. Yəni əminəm ki, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq”, - deyən Azərbaycan lideri çıxışının sonunda bir daha Vladimir Putinə Azərbaycanda olduğuna görə təşəkkürünü ifadə etdi və fikirlərini “Bu, bizim üçün çox qiymətlidir. Biz buna dostluğun, ölkəmizə hörmətin əlaməti kimi baxırıq”, - sözləri ilə yekunlaşdırdı.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışan Rusiya Prezidenti bir daha qeyd etdi ki, dövlətlərimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Onun sözlərinə görə, həmişə maraqlar balansı axtarılır və tapılır.

“İndi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir”, - deyən cənab Putin təkcə ötən il bu Şuranın ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəklədiyini, həmçinin Azərbaycanda Rusiyanın energetika korporasiyalarının uğurla işlədiyini, “Rosneft” şirkətinin Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacağını da sözlərinə əlavə etdi.

Rusiya Prezidenti “Əməkdaşlıq üçün imkanlar həqiqətən çox genişdir. Həm də regional səviyyədə bizim qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərini ilk növbədə siz – bu salonda toplaşanlar və sizin yerlərdəki həmkarlarınız müəyyənləşdirir...” – deyərək çıxışını bitirdi.

Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir. Və heç bir güc də bunun qarşısında dayanmaq gücündə və qüdrətində deyil.

Mehdi Abdullayev,
Hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının prorektoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti