...

Deputat: Azərbaycan-Rusiya münasibətləri sabit inkişaf xəttinə və yüksələn dinamikaya malikdir

Nəzər nöqtəsi Materials 17 Dekabr 2018 17:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan-Rusiya münasibətləri sabit inkişaf xəttinə və yüksələn dinamikaya malikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır və çoxvektorludur: “Bu münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara və səmərəli əməkdaşlığa əsaslanır. Ona görə bu münasibətləri bütöv bir sistemə sahib strateji tərəfdaşlıq kimi də qiymətləndirmək olar. Sosial-iqtisadi və mədəni-humanitar sferaların bütün sahələrində bu əməkdaşlığı müşahidə etmək mümkündür. Ancaq əlbəttə ki, bu münasibətlərdə önə çıxan ən strateji məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın həm qonşu ölkə, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi oynaya biləcəyi roldur”.

Deputatın sözlərinə görə, Rusiya tarixən ənənəvi olaraq Qafqaz regionunda ciddi hərbi- siyasi üstünlüyə malik dövlətdir və son iki əsrdə əslində bu regionu siyasi baxımdan az qala təkbaşına yenidən dizayn edən güc mərkəzidir:

“Azərbaycan bu baxımdan tarixi və hazırkı siyasi reallıqları qiymətləndirməyi yaxşı bacarır və belə əhəmiyyətli bir ölkə ilə haqlı olaraq çox dərin strateji münasibətlər qurur. 2018-ci il isə bu baxımdan olduqca əhəmiyyətli olmaqla həm də bundan sonrakı münasibətlərə yeni müsbət impulslar verən il oldu. Uzun illərdir davam edən Xəzərin hüquqi statusu ilə bağlı problemlər bütün tərəflərin maraqları nəzərə alınmaqla xüsusi konvensiya ilə həllini tapdı. Təkcə sentyabr ayında Rusiya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Rusiyaya işgüzar səfərləri oldu. Bundan başqa, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşündə iki ölkənin prezidentləri arasında mühüm danışıqlar aparıldı. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bu görüşü 2018-ci ildə birgə görülən işlərin təhlili və 2019-cu ildə görüləcək işlərin planlaşdırılması baxımından mühüm görüş kimi qiymətləndirdi, 2018-ci ili dövlətlərarsı münasibətlərin inkişafı kontekstində məhsuldar il kimi səciyyələndirdi. Əslində təkcə bu fikirlər iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də bu münasibətlərin olduqca böyük perspektivlərə malik olmasının göstəricisidir”.

H.Babaoğlu vurğulayıb ki, regional siyasi-iqtisadi münasibətlərin potensial inkişafı və qarşılıqlı inteqrasiyası üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsi vacib şərtdir:

“Bu məsələdə Rusiyanın mühüm rol oynaya biləcəyinə işarə edən Prezident İlham Əliyev 2019-cu ilin nizamlama prosesinə yeni impuls verəcəyinə ümüid etdiyini bildirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iki ölkənin prezidentləri arasında 2018-ci ildə keçirilən 6 görüşdə əldə edilən razılaşmaların həyata keçiriləcəyini və bunu regional inkişafa yeni töhfələr verəcəyini söyləyərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyanın əlindən gələni edəcəyini bildirdi. Ümid etmək olar ki, hazırda dünyada baş verən mürəkkəb qlobal kataklizmlər kontekstində Rusiya Federasiyası öz ətrafında sabit və əməkdaşlığa meyilli bir regional ittifaq yaratmaqla əsilndə həm də özünün təhlükəsizliyini təmin etməkdə maraqlı olmalıdır. Ümumiyyətlə, hazırda heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu, Rusiya diplomatiyasına da bəllidir. Ona görə də Cənubi Qafqazda ən böyük münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi böyük ölçüdə elə Rusiyanın da cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması deməkdir. Azərbaycan etibarlı tərəfdaş kimi daima öz milli maraqlarını regional təhlükəsizlik maraqları ilə uzlaşdırmağa və strateji müttəfiqi hesab etdiyi Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti