Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Dünən Azərbaycanın Qırğızıstandakı yeni səfiri Hidayət Orucovun etimadnaməsinin surətini Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevə təqdimetmə mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Qırğızıstan XİN-in rəsmi saytı məlumat yayıb.
Qırğızıstan XİN-in mətbuat xidmətinin məlumatına görə, Abdıldayev diplomatın zəngin təcrübəsini qeyd edərək onun Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi münasibəti ilə Orucovu təbrik edib və Qırğızıstan tərəfinin Azərbaycan rəhbərliyinin onu bu vəzifəyə təyin etməsi barədə qərarı yüksək qiymətləndirdiyini bildirib.
Abdıldayev qeyd edib ki, "ölkələrin ümumi hədəfi qırğız və Azərbaycan xalqlarının maraqlarından irəli gələn ikitərəfli əməkdaşlığın inkişafıdır".
Səfir Qırğızıstan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının fəallaşması və onun daha yüksək səviyyəyə çatdırılması üçün var gücünü sərf edəcəyini vəd edib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.