Bakı.Trend:
Türkiyə Qəzza bölgəsində atəşkəslə bağlı əldə olunmuş razılaşmaların icrasının monitorinqi ilə bağlı tədbirlərdə iştirak etmək niyyətindədir.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyanat verib.
“Xoşbəxtlikdən, atəşkəslə bağlı razılaşmaların imzalanması baş tutdu. Bu razılaşmaların əldə edilməsindən çox məmnunuq, çünki onların hazırlanmasında ilkin mərhələdən fəal iştirak etmişik. İndi Qəzzaya təcili humanitar yardım çatdırılması, girovlar və əsirlərin mübadilə olunması, İsrailin dərhal hücumları dayandırması və qoşunların müəyyən edilmiş xətlərə çəkilməsinin təmin edilməsi son dərəcə vacibdir.”
Ərdoğan Qəzzanın bərpası istiqamətində beynəlxalq ictimaiyyətin təşəbbüslərini dəstəkləyəcəyini diqqətə çatdırıb.
“Biz sazişin razılaşdırılmış müddəalarının ciddi şəkildə icrasını diqqətlə izləyəcəyik. Razılaşmanın yerində icrasına nəzarət edəcək qrupun tərkibinə daxil olacağımıza və Qəzzanın bərpası istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyəcəyimizə ümid edirik”,- deyə Ərdoğan Ankarada keçirilən tədbirdə çıxışı zamanı bildirib.