...

Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib (FOTO)

Mədəniyyət Materials 1 Dekabr 2016 16:22 (UTC +04:00)
Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantının gündəliyinə Daimi Şuranın ötənilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil edilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ə.Qarayev bildirib ki, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizim üçün olduqca qürurvericidir: “2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və “Prezident kuboku” uğrunda çövkən yarışları keçirilir. Bu ilin 15-24 sentyabr tarixində isə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı təşkil edildi".

Nazir Azərbaycanın təşəbbüsü ilə Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanın lavaşla bağlı birlikdə sənəd hazırlayaraq UNESCO-ya təqdim etdiyini diqqətə çatdırıb. Bildirib ki, “İncə çörəkbişirmə və paylaşma mədəniyyəti: lavaş, katırma, jupka, yufka” adlı fayl UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 28 noyabr - 2 dekabr tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında müzakirə edilərək yekun qərar verilib. Beləliklə, bütün bu çörəkbişirmə ənənələri Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanı birləşdirən beynəlxalq bir mətbəx nümunəsi kimi təşkilatın “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Qeyd edib ki, Şəki öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub. Baş katib “paytaxtı ili” çərçivəsində Şəkidə çoxsaylı tədbirlətin keçirilməsini yüksək qiymətləndirib.

Sonra TÜRKSOY-un fəaliyyəti ilə bağlı vidioçarx nümayiş olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “paytaxt ili” ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatla çıxış edib. Son illər Şəkidə aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin simasının dəyişdiyi vurğulanıb.

Daha sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti