...

"Rabitə işi"ndə vəkillər arasında mübahisə düşüb

Hadisə Materials 1 Mart 2017 13:59 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Rabitə işi"ndə vəkillər arasında mübahisə düşüb

Bakı. Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində vəsatət qaldıran təqsirləndirilən şəxs Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı məhkəmə iclasında əsas diqqəti ittihamın əsaslarına yönəltmək istədiklərini bildirib.

O qeyd edib ki, istintaq orqanı tərəfindən V.Zeynalova qarşı irəli sürülən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz. İttiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, 2009-2015-cı il üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaiti saxta hesablarla tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürərək, pulları sənədləşdiriblər: "Məhəmməd Məmmədov ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 manatı özünə, 234 min isə Oqtay Rüstəmova verib".

Vəkil bildirib ki, M.Məmmədov istintaqdakı ifadəsinə görə, "Aztelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı məbləği "Aztelekom" MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, "Azərpoçt" MMC-yə, "Qafqaz-S" MMC-yə, "Optik Rabitə Montaj", "Kompas" və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib.

Prosesdə çıxış edən V.Zeynalovun digər vəkili Ceyhun Yusifov şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. O bildirib ki, M.Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.

Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün vaxt ayrılacaq.

M.Məmmədovun vəkili Şahin Rəfiyev isə bildirib ki, müvəkkilinə pul verilməsini sübut etmək prosesdə heç nəyi dəyişməyəcək.

Vəkil E.Süleymanov qeyd edib ki, istintaq eyni halı V.Zeynalova tətbiq etməyib.

Bu zaman vəkillər arasında mübahisə düşüb. M.Məmmədovun vəkili V.Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə suçlayıb.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti