...

XİN: Azərbaycan İsveçrə vətəndaşının cinayət əməli ilə bağlı məsələni diqqətdə saxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2016 18:05 (UTC +04:00)
Azərbaycanın İsveçrədəkı səfirliyi də məsələni daim diqqətdə saxlayır
XİN: Azərbaycan İsveçrə vətəndaşının cinayət əməli ilə bağlı məsələni diqqətdə saxlayır

Bakı. Trend:

"Azərbaycan Baş Prokurorluğu tərəfindən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə məşğul olan İsveçrə vətəndaşı Vartan Sermakesə qarşı cinayət işi açılıb. Bu cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının sorğular göndərilib və bu xüsusda müvafiq qurumlar arasında yazışmalar və təmaslar davam etdirilir. Azərbaycanın İsveçrədəkı səfirliyi də məsələni daim diqqətdə saxlayır".

Bunu İsveçrə vətəndaşı Vartan Sermakesə qarşı açılmış cinayət işinin gedişi və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlər barədə Trend-in sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatda da V.Sermakes və onun rəhbərlik etdiyi "Frank Müller" şirkətinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyəti barəsində erməni mənbələrindən toplanmış kifayət qədər material var: "Ümumiyyətlə, İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin saytında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlərlə əlaqədar səyahət xəbərdarlığı var və bu xəbərdarlıq mütəmadi olaraq yeniləşdirilir. Təqdirəlayiq haldır ki, məsələ ilə əlaqədar İsveçrə XİN-nin saytında ölkə vətəndaşlarına xitabən bildirilir: "Dağlıq Qarabağa Azərbaycan hakimiyyət qurumlarının icazəsi olmadan gedən hər bir kəs Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan və Ermənistan arasında sərhəd və işğal olunmuş ərazilərlə təmas xətti bağlıdır. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara səfər edilməməyə çağırılır".

Onun sözlərinə görə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ümumi məlumat verilərək atəşkəsə və münaqişənin dinc yolla həlli məqsədilə beynəlxalq ictimaiyyətin intensiv səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sərhədyanı bölgələrdə, eləcə də təmas xətti boyunca ölənlər və yaralananlarla nəticələnən insidentlərin mütəmadi olaraq baş verdiyi qeyd olunur: "Burada 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan arasında gərginliyin yaranması və döyüşlər nəticəsində mülki əhali də olmaqla, çoxlu sayda itkələrin olması barədə də məlumat verilir".

XİN rəsmisi əlavə edib ki, Azərbaycanın İsveçrədəki səfirliyi qoşunların təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranmış son gərginlik, mülki Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər barədə İsveçrə XİN-i və digər müvafiq qurumları operativ və ətraflı şəkildə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti