...

YURİ MERZLYAKOV: ATƏT-İN MQ HƏMSƏDRLƏRİ REGİONDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ GENİŞ MÜZAKİRƏ EDİBLƏR

Siyasət Materials 19 İyul 2005 13:46 (UTC +04:00)
YURİ MERZLYAKOV: ATƏT-İN MQ HƏMSƏDRLƏRİ REGİONDA  DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ GENİŞ MÜZAKİRƏ EDİBLƏR

ATƏT-in Minsk Qrupu (MQ) həmsədrləri Dağlıq Qarabağ münaqişəsi regionuna səfərlərinin nəticələrini müsbət qiymətləndirirlər. Bu barədə Trend agentliyinə ATƏT-in MQ-nin rusiyalı həmsədri Yuri Mirzlyakov eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionuna - Bakı, Xankəndi və Yerevana səfər zamanı "yüksək səviyyədə görüşlər keçirilib, münaqişənin nizamlanması məsələləri müzakirə edilib".

Avqustun 23-də Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada, prezidentlər Robert Köçəryan və İlham Əliyevin isə Kazanda baş tutacaq görüşlərinə qədər MQ həmsədrlərinin yarımçıq tərkibdə görüşmə ehtimalı var.

Y.Merzlyakov bunu mövsümi məzuniyyətlə izah edib. O bildirib ki, vasitəçilər elektron poçtu vasitəsilə qarşıdakı görüşlərə hazırlaşmağı planlaşdırırlar.

Diplomat bildirib ki, XİN nazirlərinin Moskva görüşünə qədər tərəflərin iştirakı ilə hər hansı bir digər görüş planlaşdırılmır. "Lakin mən tərəflərdə belə zərurətin yarandığı təqdirdə görüşlərin keçiriləcəyini istisna etmirəm", - deyə, o əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh razılığı layihəsinin hazırlanması imkanları və onun müddəti barədə suallara cavab verərək, Y.Merzlyakov bildirib: "Bir ay ərzində hansısa bir razılıqdan danışmaq düzgün olmazdı, bu iş nümayəndə heyəti tərəfindən genişləndirilmiş tərkibdə aparılır və onun bir ay ərzində yerinə yetirilməsi qeyri-mümkündür.

Tərəflər hər hansı bir bəyanatla çıxış etmək istəsələr, onu müzakirə etmək olar. Lakin hələlik bu barədə heç bir söhbət yoxdur". Onun sözlərinə əsasən, Kazan görüşünün nəticələrinə görə bəyanatın qəbul edilməsi və ya edilməməsi yalnız münaqişə tərəflərindən asılıdır.

Xəbər lenti

Xəbər lenti