...

AZƏRBAYCAN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN MONİTORİNQİNİN İLK HƏFTƏSİNİN YEKUNLARI AÇIQLANIB

Siyasət Materials 26 Sentyabr 2005 14:46 (UTC +04:00)

Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi Azərbaycanda noyabrın 6-da keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin KİV-nin monitorinqinin ilk həftəsinin yekunlarını açıqlayıb. Trend in məlumatına görə, monitorinq iyulun 13-də AŞ-nın Azərbaycan Prezidentinin İcra Aparatğı ilə birgə keçirdiyi seminarın nəticələrinə uyğun qəbul edilən "Seçki kampaniyası zamanı Azərbaycan KİV-in davranış Məcəlləsi"nə müvafiq oalaraq aparılıb.

Ekspert qrupunun rəhbəri Zeynal Məmmədli bildirib ki, monitorinq 2005-ci il sentyabrın 19-dan 24-nə kimi keçirilib və 42 qəzet və 2 televiziya kanalını əhatə edib. Dövri KİV sorğusunun nəticələrinə görə, ən çox pozuntu halları müxalifətyönlü "Azadlıq" qəzetinin materiallarında qeydə alınıb. Parlament seçkilərinə həsr olunmuş 131 məqalədən 100-də (76,33 %) pozuntular qeydə alınıb. İkinci yeri iqtidaryönlü "Xalq qəzeti" və 12 məqalədən 9-da (75%) davranış Məcəlləsinin qaydaları pozulub. Müxalifətyönlü "Yeni Müsavat" 71,69 % və müstəqil "525-ci qəzet" 65,93 % -lə 3-cü və 4-cü yerləri bölüşürlər.

Z. Məmmədlinin sözlərinə görə, Azərbaycanın monitorinq keçirilməsi təklif olunan 6 telekanalından birinci həftə yalnız 2 (İctimai televiziya və "Lider" telekanalı) televiziya kanalında analizlər aparılıb. Monitorinqin nəticələrinə görə, İctimai televiziyanın 40 verilişində 20 pozuntu, eləcə də "Lider" telekanalının 40 verilişində Məcəlləyə uyğun gəlməyən yalnız 6 hal qeydə alınıb.

"Monitorinqin məqsədi Azərbaycan ictimaiyyətini həqiqi vəziyyət barədə məlumatlandırmaqdır. Vətəndaşlar hansı KİV orqanlarının öz öhdəliklərini yerinə yetirmədiyini bilməlidirlər", - deyə ekspert qeyd edib. O bildirib ki, monitorinq ölkədə seçkiqabağı vəziyyətə müsbət təsir göstərəcək.

Monitorinq noyabrın 19-da başa çatacaq. Azərbaycanda AŞ-nın baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq qeyd edib ki, monitorinqin nəticələri noyabrın 6-da keçirilicək seçkilərə həsr olunmuş AŞ-nın məruzəsinə daxil ediləcək.

Qeyd edək ki, monitorinq qruppunun tərkibinə AŞ-nın seçdiyi 7 ekspert daxildir. Onlardan 2-si televiziyaların, 4-ü isə qəzetlərin monitorinqini aparır. Z. Məmməli isə qrupun rəhbəri təyin edilib.

Xəbər lenti

Xəbər lenti