...

Əli Əhmədov: "Müxalifətin seçkidən sonra xaricə səfər etməyə üzü yoxdur"

Siyasət Materials 28 Noyabr 2005 15:02 (UTC +04:00)
Əli Əhmədov: "Müxalifətin seçkidən sonra xaricə səfər etməyə üzü yoxdur"

Müsahibimiz hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi Əli Əhmədovdur

- 2005-ci il 6 noyabr Azərbaycanda keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Parlament seçkilərindən sonra ölkədə normal durum yaranıb. Doğrudur, seçkilərin nəticələri ilə bağıl partiyaların mövqelərində fərqli baxışlar mövcuddur. Hakim Yeni Azərbaycan Partiyası başda olmaqla ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr Azərbaycanda keçirilən parlament seçkilərinin demokratikliyini bəyan ediblər. Seçkilərdə iştirak edən 800-ə yaxın namizəd bununla bağlı bəyanat imzalayıb. Bu da onu göstərir ki, ölkədə siyasi sabitliyi şərtləndirən əsas amillərdən biri də seçkilərin şəffaf və ədalətli keçirildiyidir. Müxalifət partiyalarının təmsilçiləri isə ənənəvi olaraq seçkilərin şəffaf keçirilmədiyini iddia edirlər.

- Müxalifətin seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı apardığı mübarizəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanda müxalifətin seçki ilə bağlı çox qəribə fəlsəfi baxışı formalaşıb. Onlar elə fikirləşirlər ki, qalib gəlməyiblərsə, deməli, seçkilər demokratik və ədalətli keçirilməyib. Düşünürəm ki, belə yanaşma kökündən yanılışdır. Bu bütünlükdə keçirilən seçkilərə düzgün, obyektiv qiymət vermək imkanlarını məhdudlaşdırır. Maraqlıdır ki, müxalifət qələbə qazandığı bəzi dairələrdə seçkilərin şəffaf və demokratik keçirildiyini bəyan edir, məğlubiyyətə uğradığı seçki dairələrində isə seçkilərin ədalətsiz keçirildliyini iddia edir. Nə qədər ki, müxalifət seçkilərə və onların nəticələrinə kökündən səhv olan belə münasibət bildirəcək, onlar mövcud vəziyyəti də düzgün qiymətləndirə bilməyəcəklər. Hadisələri obyektiv qiymətləndirə bilməyən heç bir siyasətçi siyasi proseslərdə uğur qazanmayacaq. Müxalifət partiyaları 1990-cı illərin əvvəllərindən, yəni hakimiyyətdən devriləndən bu vaxta qədər ölkədə keçirilən seçkilərə eyni məntiqlə yanaşıblar. 1992-ci ildə prezident seçkilərində uğur qazanan müxalifət Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib. Ancaq 1993-cü ildə keçirilən seçkilərə nəzarət edən eyni tərkibli komissiyanın fəaliyyətini qəbul etməyib. Bu da onu göstərir ki, ölkədəki bütün ictimai-siyasi proseslərə və onların nəticələrinə müxalifətin rəhbərləri yalnız subyektiv mövqeləri baxımdan qiymət verirlər. Təbiidir ki, bu cür subyektiv hisslərdən kənara çıxa bilməyən müxalifət bütövlükdə Azərbaycanın ictimai-siyasi prosesinin nəinki əvvəlində, ortasındadır, yalnız arxasınca sürünür.

- Müxalifətin müxtəlif üsullarla apardığı mübarizə seçkilərin nəticələrini dəyşdirə biləcəkmi?

- Müxalifət elə hesab edir ki, seçkilərin nəticələrini hansısa güc tətbiq etməklə dəyişdirə biləcək. Bunun üçün müxtəlif aksiyalar keçirirlər. Ancaq bu addım müxalifətin obyektiv seçki keçirmək istəyindən kənarda olduğunu ortaya qoyur. Seçkilərin nəticəsini kütləvi aksiyalar keçirməklə dəyişməyin özü seçicilərin iradəsinə hörmətsizlikdən başqa bir şey deyil. İkincisi, Azərbaycanda dəfələrlə təcrübə göstərib ki, müxalifətin radikal qanadının seçkilərin nəticələrinin ləğvi məqsədilə düzənlədiyi müxtəlif aksiyaların heç bir nəticəsi olmayıb. Ona görə ki, seçkilərin nəticəsini insanların, seçicilərin iradəsi, rəyi müəyyənləşdirir. Hər hansı bir partiyanın az sayda tərəfdaşının etirazı müəyyənləşdirmir. Başa düşülməlidir ki, Azərbaycandakı siyasi proseslər kimlərinsə istəyi və güc tətbiq etməyə cəhd göstərməsi nəticəsində cərəyan etmir. Bu, siyasi proseslərin bütün iştirakçılarının iradəsinin ifadəsi şəklində təzahür etməlidir.

- Oturaq aksiyalar tətbiq etmək və meydana çadrların gətirilməsi ilə bağlı çağırışlar reallaşarsa baş verə biləcək hadisələrin məsuliyyəti kimin üzrində qalacaq?

- Azərbaycanda hər bir kütləvi aksiya və ya etiraz formaları qanunlar çərçivəsində həyata keçirilməlidir. Ancaq çox təəssüflər olsun ki, müxalifətin radikal qanadı hər həfətənin şənbə və bazar günləri etiraz aksiyası keçirirlər. Belə aksiyaların motivi, şüarları, müəllifləri və çıxışçıları da eynidir. Siyasi kütləvi etiraz aksiyalarının mənası bu və ya digər siyasi qüvvənin özünün baxışlarını cəmiyyətə çatdırmaq niyyəti ilə həyata keçirilir. Müxalifətin radikal qanadının baxışları, niyyəti və şüarları da dəfələrlə ictimaiyyətə çatdırılıb. İctimaiyyətin də müxalifətin bu baxışlarına münasibəti məlumdur. Bu münasibət də biganəlik şəklində mövcuddur. Müxalifət hər həftə belə aksiyalar keçirməklə əslində özünün sivil etiraz forması mahiyyətini heçə endirmiş olur. İstər-istəməz bu cəhdlərin arxasında başqa məqsədlərin durduğu niyyətində olursan. Əgər müxalifət bu niyyəti həyata keçirməyə cəhd göstərərsə, hüquq-mühafizə orqanları qanun çərçivəsində hərəkət göstərəcək. Məsuliyyət sözsüz ki, insanları qarşıdurmaya cəhd göstərən radikal qüvvələrin üzərində qalacaq.

- Seçkidən öncə müxtəlif ölkələrə səfərlər edən müxalifət liderlərinin seçkidən sonra buna ara verməsini necə izah edirsiniz?

- Seçkidən öncə bəzi müxalifət partiyanın liderləri ayrı-ayrı ölkələrə səfərlər edərək guya onların arxasında böyük sosial bazanın durduğunu söyləyirdilər. Həmin ölkələrdə olan həmkarlarına inandırmağa çalışırdılar ki, xalq onları dəstəkləyir. Ancaq seçkidən sonra kimin hansı gücə malik olduğu bütün dünyaya məlum olub. Çünki Azərbaycanda keçirilən parlament seçkilərini dünyanın əksər aparıcı təşkilatları izləyib. Onlar hər siyasi partiyanın xalq tərəfindən necə dəstəkləndiyinin şahidi olublar. Güman edirəm ki, müxalifət liderlərinin seçkidən öncə səfər etdikləri ölkələrə seçkidən sonra getmələrinə bir də üzü yoxdur. Çünki deməyə, vəd etməyə sözləri qalmayıb. Yəqin böyük vədlər verən beyənlxalq təşkilatlar qarşısında durmaq üçün onların yenidən qiyafələrini dəyişdirə bilmələri üçün xeyli zaman lazım gələcək.

- Müxalifət beynəlxalq təşkilatların seçkilərin saxta nəticələri ilə bağlı Azərbaycana təzyiq göstərəcəyi iddiası ilə də çıxış edir...

- Təəssüflər olsun ki, radikal müxalifət buna çox çalışır. Bunu insana yaraşmayan hal sayıram. Hesab edirəm ki, istənilən Azərbaycan vətəndaşı öz dövləti haqqında kənarda müsbət imic formalaşdırmağa çalışmalıdır. Müxalifət isə bunun əksini həyata keçirməyə cəhd göstərir. Onlar Azərbaycanla bağlı deyilən hər bir tənqidi məmnunluqla qarşılayır, buna sevinirlər. Əgər Azərbaycana qarşı belə münaisbət olarsa, bunu ikilistandart kimi qəbul edəcəyik. Azərbaycanın məlum problemləri ilə bağlı müxalifətin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar heç bir müsbət addım atmayıb. Əgər doğurdan da onlar Azərbaycanda haqqın, ədalətin bərpa olunmasının tərəfdarıdırlarsa, ilk növbədə 13 il bundan öncə ölkəmizin pozulan haqqının bərpası istiqamətində çalışsınlar. Buna cəhd göstərsələr, Yeni Azərbaycan Partiyasının hər bir üzvü, hər bir vətəndaş həmin təşkilatların həqiqətən də haqqın carçısı olduğuna inanacaq. Məlum problemlərimizin həllinə biganə qalan bəzi beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkilərini düzgün qiymətləndirməmələri ikili standartlardan başqa bir şey olmayacaq. Mən heç də demək istəmirəm ki, Azərbaycanda ideal seçkilər keçirilib. İdeal seçki dünyanın heç bir yeridə keçirilmir. Biz də keçirilən seçkilərdə bəzi qanun pozuntularının müşahidə olunduğunu etiraf edirik. Mərkəzi Seçki Komissiyasının 4 dairənin nəticələrini etibarsız hesab etməsi, bir neçə yüz seçki məntəqəsində isə nəticələri ləğv etməsi barədə qərarı onu göstərir ki, seçkilərdə nöqsanlar olub. Ancaq eyni zamanda Azərbaycan hökuməti və seçki administrasiyası da həmin pozuntuların aradan qaldırılması üçün ən sərt addımlarını atıb. Bu o deməkdir ki, Azərbaycan iqtidarı ölkədə ədalətli və demokratik seçkilərin keçirilməsində maraqlıdır. Seçkilərin təkmilləşdirilməsi ilə bağlı iqtidarın atdığı addımlar, möhtərəm prezidentimizin məlum 11 may və 25 oktyabr sərəncamları buna əyani sübutdur. Onu da bildiim ki, seçkiləri izləyən 1600-dan çox beynəlxalq müşahidəçinin təxminən 1000 nəfəri seçkilərin nəticələri ilə razılaşıb. Beynəlxalq müşahidəçilərin bir qismi isə seçkilərin nəticələri ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Bu da onu göstərir ki, bu müşahidəçilərin də seçkilərin nəticələri ilə bağlı fikirləri yekcins deyil, fərqlidir. Nəyə görə 1000 müşahidəçinin fikri əsas götürülmür, azlıq təşkil edən müşahidəçinin rəyi daha çox qabardılır?

- Mandatlarından imtina etmək barədə müxalifətçilərin bəyanatı parlamentin gələcək fəaliyyətinə təsir göstərəcəkmi?

- Müxalifət təmsilçiləri indiyə qədər də bu istiqamətdə addımlar atıblar. Məsələn, Əli Kərimli parlmentdə kiminsə onun ünvanına dediyi hansısa sözdən inciyərək iki il parlamentin işinə qatılmadı. Müxalifət düşərgəsində olan insanlar belə düşünürdülər ki, Əli Kərimli parlamentin işinə qatılmasa iş getməyəcək. Ancaq parlament fəaliyyətini davam etdirdi. Həmin müddətdə Əli Kərimli deputat seçildiyi yerdən belə unuduldu. Qazandığı yalnız millət vəkili kimi üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək barədə düşünməməsi oldu. Bilirsiniz, bir sıra insanlar özləri haqda həddən artıq yüksək fikirdədirlər. Parlament kimlərin ora gəlib-gəlmək istəməyindən asılı olmayaraq öz fəaliyyətini davam etdirəcək, lazımi qanunları qəbul edəcək.

- "Azadlıq" bloku liderlərinin prezidentlə dialoq aparmaq istəyini hansı məntiqlə izah edə bilərsiniz?

- Bu istək heç bir məntiqə sığmır. Ona görə ki, söhbət partiyalararası dialoqdan gedə bilər. Bu dialoqa da tərəfdarıq. Yeni Azərbaycan Partiyası buna təşəbbüs göstərir. Əgər opponentlərimiz həqiqətən də dialoq tərəfdarıdırsa, onda bu kimi fikirlərdən uzaq olmalıdırlar. Möhtərəm İlham Əliyev Azərbaycanın prezidenti, dövlətin başçısıdır. Prezident hər hansı bir partiya sədri ilə dialoq apara bilməz. Bu fikri səsləndirməklə onlar siyasi etiakdan kənar hərəkət etdiklərini göstərirlər. Prezident lazım bilsə, bu partiyaların rəhbərlərini öz yanına dəvət edə bilər. Ancaq bu dialoq olmayacaq. Sadəcə prezidentin siyasi partiya rəhbərləri ilə görüşü ola bilər.

- YAP-ın məlum fəal üzvlərinin xəyanətindən sonra partiya öz fəaliyyətini necə müəyyənləşdirib?

- YAP-ın sıralarında 400 mindən çox insan var. Onların mütləq əksəriyyəti Heydər Əliyevin ideyalarına sadiq olduqlarını dəfələrlə sübut ediblər. Parlament seçkiləri zamanı da eyni addım atıblar. Ancaq eyni zamanda bütövlükdə bu cür hallardan görünür sığortalanmamışıq. Heç kim kiminsə nə zaman hansı addım atacağını əvvəlcədən müəyyənləşdirə bilməz. Görünür, daxilində böyük iddialı olan insanlar da bəzən YAP-ın sıralarında olur. Ancaq partiyanın gücü ondadır ki, özünü belə insanların hərəkətlərindən kənarlaşdıra bilir, sıralarında saflığı təmin edir. Partiyanın fəal üzvlərindən məlum olan şəxslərin xəyanətinə baxmayaraq, partiya bu hadisədən özü üçün nəticə çıxarıb.

Xəbər lenti

Xəbər lenti