...

Sərdar Cəlaloğlu: "Dost bildiyimiz partiyanın başqa mövqedə dayanmasına təəssüf edirik"

Siyasət Materials 4 Fevral 2006 13:41 (UTC +04:00)

Müsavat Partiyası parlamentdə təmsil olunmaq və təkrar seçkidə iştirak etmək qərarını versə, "Azadlıq" bloku və konkret olaraq ADP onunla münasibətlərinə yenidən baxacaq. Trend in məlumatına görə, bu barədə fevralın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu açıqlama verib.

O, "Azadlıq" bloku daxilində baş verən fikir ayrılıqlarına münasibət bildirərkən deyib ki, Müsavat Partiyasının blokda qalmasının tərəfdarıdır. S.Cəlaloğlunun sözlərinə görə, Müsavat Azərbaycanda böyük elekoratı olan bir partiyanın blokdan getməsi bu qurumun zəiflələməsinə səbəb olacaq. Amma buna baxmayaraq, Müsavat Partiyası təkrar seçkiyə qatılsa və deputat seçilmiş üzvləri parlamentin işində iştirak etsə, ADP bu müttəfiqi ilə münasibətlərin bundan sonra hansı səviyyədə olacağını müzakirəyə çıxaracaq. Müsavat Partiyasının qərarı milli mənafelərimizin ziddinə yönəlsə, parlamentə legitimlik donu geydirsə, bu partiya saxtakarlıq oyunlarının iştirakçısına çevrilsə, ADP əlbəttə ki, Müsavatla münasibətlərinə yenidən baxacaq. Hər halda biz dost, müttəfiq bildiyimiz partiyanın başqa mövqedə dayanmasını arzulamırıq və bunu ancaq dərin təəssüf hissi ilə qarşılayırıq"-deyə Sərdar Cəlaloğlu vurğulayıb.

S.Cəlaloğlu onu da deyib ki, bu gün İsa Qəmbərlə görüşəcək və onu öz nüfuzundan istifadə edərək Müsavat Partiyası funksionerlərinin fikirlərinə təsir göstərməyə çağıracaq.

S.Cəlaloğlu Avropa səfəri barədə də məlumat verib, Avropa Şurası Parlament Assambleyasında keçirilmiş dinləmələrdə Azərbaycan müxalifətini təmsil etməsi haqqında danışıb, həmiçinin avropalı parlamentarilərinin ölkəmizdə keçirilmiş seçkilərlə bağlı fikirlərini diqqətə çatdırıb. S.Cəlaloğlu Avropada olarkən ADP sədri Rəsul Quliyevlə görüşə bilmədiyini, onunla yalnız Azərbaycana qayıtdıqdan sonra telefonla danışdığını deyib.

Xəbər lenti

Xəbər lenti