...

AMEA elmin "qocalması"nın səbəblərini açıqladı

Cəmiyyət Materials 19 Dekabr 2014 12:56 (UTC +04:00)
İstər Azərbaycan Milli Elmlər Akademiyasında, istərsə də respublikanın başqa elmi-tədqiqat qurumlarında gənclər siyasəti elmi kollektivlərdə ciddi şəkildə müzakirə edilməli və bunun əsasında həm Akademiyaya, həm də bütövlükdə elmə gənc alimlərin cəlb edilməsi siyasətinin başlıca prinsipləri hazırlanmalıdır.
AMEA elmin "qocalması"nın səbəblərini açıqladı

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

İstər Azərbaycan Milli Elmlər Akademiyasında, istərsə də respublikanın başqa elmi-tədqiqat qurumlarında gənclər siyasəti elmi kollektivlərdə ciddi şəkildə müzakirə edilməli və bunun əsasında həm Akademiyaya, həm də bütövlükdə elmə gənc alimlərin cəlb edilməsi siyasətinin başlıca prinsipləri hazırlanmalıdır. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

Akademiyanın rəhbəri qeyd edib ki, Azərbaycanda çalışan 5000-dən artıq gənc alim və mütəxəssisin də üzərinə məsul vəzifələr düşür. Bu baxımdan gəncliyin müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr kimi yetişdirilməsi Azərbaycan elmi qarşısındakı əsas vəzifələrdəndir: "Azərbaycan elmində, o cümlədən Akademiyada mühüm problemlərdən biri də gənc mütəxəssislərin elmə cəlb edilməsidir. Özəl sektorda əməkhaqqı yüksək olduğundan fəal gənclər elmdən daha çox oraya meyil edirlər. Buna görə də gənclərin elmə axınını gücləndirmək üçün institutlarda imkanlar yaradılmalıdır ki, onlar əlavə maddi dəstək əldə edə bilsinlər. Gənc mütəxəssisin elmdə qalmaq qərarına təsir edən əsas səbəblər sırasında yeniliyin axtarışına maraq, aparılan tədqiqatların perspektivliyi, işlədiyi elmi kollektivin mənəvi ab-havası, müasir avadanlıqla təchiz edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının olması durur".

A.Əlizadənin fikrincə, bu gün dinamik inkişaf edən dünyada müasir biliklər tədris olunmasa, böyük ehtiyac duyduğumuz ali təhsilli mütəxəssislər yetişdirmək mümkün deyil: "Ancaq bugünkü tələbələr bəzi hallarda müəyyən qədər köhnəlmiş metodikalarla qarşılaşanda istər təbiət, istərsə də humanitar elmlərə geniş planda lazımi diqqət göstərmirlər. Halbuki informasiya texnologiyaları sahəsində çoxlu məlumat almaq imkanına malik hazırkı abituriyentlər elm və texnologiyalardakı yeniliklərə uyğunlaşmağa, onlardan istifadəyə sürətlə vərdiş edə bilərlər. Bugünkü tələbələr müxtəlif bilik sahələrində informasiya əldə etmək imkanı verən yeni informasiya texnologiyalarından istifadə edirlər. Müasir cəmiyyətin informasiya yenilikləri ilə daha çox maraqlanan gənclik hər hansı optimallaşma alqoritmləri və ya ideal qazın entropiyası haqqında düşünmək marağında deyil. Qarşımıza həmişəki sual çıxır - nə etməli?

Bu gün hiss olunur ki, təhsil proqramları müasir tələblərə tam cavab vermir. Tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranmışdır. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər. Hesab edirik ki, tədris proqramlarında başlıca dəyişikliklər etmək üçün, ilkin olaraq, müzakirələr təşkil edilməli, təkliflər irəli sürülməlidir. Müzakirələr potensial tələbələrin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, innovasiyanın imkanlarını təhsildə tətbiq etmək və dərs proqramlarını qismən müasirləşdirmək məqsədi ilə aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti