Azərbaycan, Bakı, 29 mart / Trend, müxbir İlhamə İsabalayeva/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə deyib ki, uşaqlar arasında intihar hallarının baş verməsi bütün dünyanı, cəmiyyəti narahat edən əsas məsələlərdəndir.
Komitə səlahiyyətlisinin sözlərinə görə, uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var. İntiharların əsas səbəbləri ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, informasiya bolluğu, internet üzərindən, xüsusən də sosial şəbəkələrdən əldə olunan mənfi nümunələrdən özlərinə pay götürən uşaqların valideynləri ilə davranışları, uşaqların müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar, depressiyalardır: "Uşaqların intiharına birbaşa ən çox təsir edən amillərdən biri sosial şəbəkələrdir. Buna görə də internet təhlükəsizliyi sistemi yaradılmalıdır".
S.Qəhrəmanova bildirib ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.
Komitə rəsmisi hesab edir ki, orta məktəbdən əlavə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Buna görə də ata-ana uşağının davranışına, nələri izləməsinə, uşağın ünsiyyətdə, əlaqədə olduğu çevrəsinə xüsusi diqqət etməlidir: "Ailə psixoloqlarının hazırlanması da vacib məsələlərdən biridir. Bəzi ailələr psixoloqa müraciət etmək istəmirlər, bəzən də psixoloqla psixiatrı eyniləşdirirlər. Bu istiqamətdə də iş aparılmalıdır".
Qeyd edək ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür.
İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15 %-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir.