...

İş adamını qətlə yetirənlərin məhkəməsində zərərçəkmişlər ifadə verdi

Cəmiyyət Materials 8 Fevral 2016 12:45 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstremist dəstə üzvlərinin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
İş adamını qətlə yetirənlərin məhkəməsində zərərçəkmişlər ifadə verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstremist dəstə üzvlərinin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş Gündüz Cəfərov bildirib ki, dəstə üzvləri gecə saat ikidə evinə daxil olub, özlərini polis kimi təqdim edib, onu amansızlıqla döyüb və 8 min manat ziyan vurublar.

Digər zərərçəkmiş Hilal Becanov isə tanışı ilə birlikdə dəstə üzvləri tərəfindən bıçaqlandığını bildirib.

İş üztə növbəti məhkəmə prosesi fevralın 15-də davam etdiriləcək.

Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, V.Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar V.Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq V.Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.

Mütəşəkkil dəstənin 17 üzvü həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti