...

MƏTBUAT ŞURASININ SƏDRİ NAXÇIVAN MUXTAR ERSPUBLİKASINDA MEDİA İLƏ BAĞLI GÖRÜŞLƏR KEÇİRİB

Cəmiyyət Materials 4 Oktyabr 2005 19:52 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Naxçıvan Muxtar Respublikada medianın mövcud durumu, problemləri, bunların həlli yollarını müzakirə etmək üçün görüşlər keçirib. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib. Qeyd edək ki, hazırda Muxtar Respublikada 1 respublika, 1 şəhər, 7 rayon qəzeti çıxır, yerli 2 telekanalın, 1 radiostudiyanın verilişləri yayımlanır. Bəzi təhsil müəsisələri də öz nəşrlərini çap etdirirlər.

MŞ sədrinin respublikanın 6 minə yaxın tirajla işıq üzü görən "Şərq qapısı", "Nuh yurdu" (Naxçıvan şəhəri), "Oğuz yurdu" (Sədərək rayonu) qəzetlərinin baş redaktorları ilə və digər görüşlərində həmin nəşrlərin tirajının, dövrüliyinin artırılması müsbət dəyərləndirilib. Qəzetlərin büdcədən maliyyələşdirilməsini mövcud iqtisadi çətinliklər şəraitində yaxşı hal kimi qiymətləndirən Ə.Amaşov reklamlara daha geniş yer ayrılmasının vacibliyini önə çəkib.

Sonra MŞ sədri "Şərq qapısı" qəzetinin redaksiyasında müstəqil KİV-lərin Naxçıvan üzrə müxbirlərini qəbul edib. Bir sıra jurnalistlər rəsmi orqanlarda akkreditasiya, informasiya almaqla bağlı çətinliklərlə qarşılaşdıqlarını vurğulayıblar. Naxçıvan Ali Məclisinin sədri Vasib Talıbov da MŞ sədri ilə görüşündə bu məsələlərin həlli istiqamətində konkret işlər görülməsi üçün aidiyyatlı şəxslərə müvafiq göstərişini verib. Görüş zamanı tərəflər belə razılığa gəliblər ki, "Molla Nəsrəddin" jurnalının 100 illik yubiley tədbirlərinə dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin ana vətəni olan Naxçıvandan başlanılması daha məqbul olardı.

Ə.Amaşovun Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli və həmin təhsil ocağında jurnalist ixtisasına yiyələnən tələbələrlə görüşündə yerli medianın kadrlara olan tələbatının təmin edilməsi üçün görülən işlər, sahə ilə bağlı aktual məsələlər barədə söhbətlər aparılıb. Altı minə yaxın tələbənin təhsil aldığı 17 korpuslu bu universitetin öz telestudiyasının yaradılması sahəsindəki işləri xüsusi maraq doğurub.

Mətbuat Şurasının sədri fəaliyyət dairəsini genişləndirməkdə olan Naxçıvan Televiziyasının, "Kanal-35" TV-nin və "Naxçıvanın səsi" radiosunun yaradıcı kollektivlərinə də efir məkanında nələrə diqqət yetirilməsininin vacibliyi barədə tövsiyələr verib.

Xəbər lenti

Xəbər lenti