2005-ci ilin 9 ayı ərzində Azərbaycan banklarının "Sürətli poçt" sistemi üzrə həyata keçirdiyi pul köçürmələrinin yarısından çoxu Bank Standard-ın payına düşür. Trend xəbər verir ki, bu barədə bankın noyabrın 25-də yaydığı press-relizdə bildirilir.
Rusiyanın "İmpeksbank"ının "Sürətli poçt" pul köçürmələri sistemi respublika əhalisi arasında sərfəli tariflərinə və pul köçürmələrinin operativliliyinə görə çox populyardır. Bu sistem MDB ölkələri arasında pul köçürmələrini cəmi bir neçə dəqiqə ərzində və sadəcə 2 faizlik bank komisyonu müqabilində həyata keçirməyə imkan verir.
Sənəddə bildirilir ki, bu günlərdə "İmpeksbank" Azərbaycan bankları ilə iki illik əməkdaşlığını yekunları üzrə məlumatları dərc edib. Bu məlumatlara görə, bu gün "Sürətli poçt" sisteminə Azərbaycanın 8 bankı qoşulub ki, bu da əməkdaşlığın başladığı vaxtdan onların sayının 4 dəfə artması deməkdir.
"İmpeksbank"ın məlumatına görə, "Sürətli poçt" sitemi çərçivəsində pul köçürmələrinin ümumi həcmində yalnız 38,62 %-lik payı ilə respublika üzrə ikinci yer tutan "Bank Standard" artıq həmin ilin sonlarına doğru vəziyyəti əsaslı şəkildə öz xeyrinə dəyişə bilib.
"Sürətli poçt" sisteminin iştirakçısı olan bankların artan sayına baxmayaraq Bank Standard cari ildə təkcə liderliyi qoruyub saxlamaqla yanaşı, pul köçürmələri üzrə göstəricilərin artım tendensiyasını sabitləşdirib. 2005-ci ilin aprelində Bank Standard-ın bu sistem üzrə pul köçürmələrinin həcmində iştirak payının ən yüksək göstəricisi- 59,76% qeydə alınıb.
Press-relizdə qeyd edilir ki, yanvar-oktyabr aylarının yekunlarına görə, bankın orta yüksək göstəricilərinin orta çəkisi 52,76% təşkil edir ki, bu da sistemin yerdə qalan digər 7 iştirakçısının ümumi göstəricilərini ötüb keçir.