...

Azərbaycan təbii qaz sahəsində rəqiblərini bir neçə il qabaqlayır

Energetika Materials 24 Dekabr 2014 22:45 (UTC +04:00)

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

Azərbaycan qazının Avropaya tədarükü üzrə layihələr digər analoji layihələrdən nə ilə fərqlənir? Layihələrin reallaşdırılması ilə. İlk baxışdan sual və cavab sadə görünür. Lakin hazırda öz qazını, hətta bəzən hasil edilməmiş qazı Avropaya tədarük etmək istəyənlərin layihələri ətrafında o qədər danışıqlar gedir ki, hərdən adama elə gəlir ki, Azərbaycan qazına bu bazarda yer yoxdur.

Əslində vəziyyət necədir? Ötən gün Transanadolu qaz kəməri (TANAP) konsorsiumu "Fernas İnşaat", "Tekfen Holding" və "Sicim-Yüksel-Akkord" konsorsiumunu qaz kəmərinin tikintisinin podratçıları qismində seçdi. Daha əvvəl qaz kəməri üçün boruların tədarükçüləri müəyyənləşmişdi. Bundan əvvəl isə marşrut müəyyən edilib, ekoloji əsaslandırma sənədləri hazırlanıb, işlər razılaşdırılıb. Bu, yalnız TANAP qaz kəməri ilə bağlıdır. Əgər ümumilikdə "Cənub Qaz Dəhlizi" layihəsini götürsək, qeyd etmək lazımdır ki, "Şahdəniz" layihəsi çərçivəsində (Avropaya qaz tədarükünü nəzərdə tutur) artıq 10 milyard dollar məbləğində müqavilələr bağlanıb, Avropada qaz alıcıları ilə sazişlər imzalanıb, Transadriatik qaz kəmərinin (TAP) tikintisinə başlamaq üzrə iş aparılır.

Lap sadə dillə desək, Azərbaycan və onun tərəfdaşları bütün mümkün rəqiblərini bir neçə il qabaqlayırlar. Və rəqibləri ötmək üçün təkcə investisiyalar kifayət etmir. Avropa ilə illərlə danışıqlar aparmaq və razılaşmalar əldə etmək lazımdır ki, bunu da nə almaq, nə də tikmək olar.

Hazırda Rusiya Cənubi Avropaya qaz tədarük etmək niyyətindədir. Bu barədə İsrail bəyan edib. Bəziləri Azərbaycanla mümkün rəqabətə işarə edirlər. Lakin Bakı artıq bəyan edib ki, "Şahdəniz"in ikinci layihəsi çərçivəsində ilk qaz 2018-ci ildə Türkiyəyə, 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində isə Avropaya çatacaq. Bəs digər tədarükçülər hansı tarixi göstərirdilər? Heç bir. Sadəcə olaraq yoxdur.

Ancaq Avropaya qaz tədarük etmək istəyənlər üçün vəziyyət o qədər də pis deyil. Onlar Azərbaycan və tərəfdaşlarının yaratdıqları "Cənub Qaz Dəhlizi" infrastrukturundan gələcəkdə istifadə edə biləcəklər. Bu, hazırda qaz tədarük etmək istəyənlərə, eləcə də bunu gələcəkdə etmək istəyənlərə (Türkmənistan və ola bilsin, İran) aiddir.

Təcrübə göstərir ki, Azərbaycanın hər hansı iri infrastrukturu reallaşdırmaq qərarı "salınmış yol"un üstünlüklərindən istifadə etmək istəyənlərin sayının xeyli artmasına gətirib çıxarır. Lakin Bakı dəfələrlə bəyan edib ki, Türkmənistan qazının tədarükü üçün öz infrastrukturunu təklif etməyə hazırdır. Çox güman, Türkiyə və ya Avropadakı infrastruktur da müəyyən şərtlərlə kənar tədarükçülər tərəfindən istifadə edilə bilər. Azərbaycanın digər yataqlardan qaz hasilatı həcmini artırmaqla bağlı planları nəzərə alınsa, orada yer olacaqmı?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti