...

"Qərbi Abşeron"da 28 saylı quyuda qazma işləri uğurla başa çatdı (FOTO)

Energetika Materials 10 Fevral 2016 21:12 (UTC +04:00)
28 saylı quyuda qazma işləri uğurla başa çatdırılıb.
"Qərbi Abşeron"da 28 saylı quyuda qazma işləri uğurla başa çatdı (FOTO)

Bakı. Trend:

SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 823 m olan 28 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 28 saylı quyuda qazma işlərinə 30 dekabr 2015-ci ildə başlanılmışdı. "Qərbi Abşeron" yatağında qazılan quyunun faktiki dərinliyi 820 metr təşkil edir. Quyu Qırməki Altı Lay Dəstəsinə (QAD) maksimum 53 dərəcə bucaq altında qazılıb.

20 saylı stasionar dəniz özülünün qurğu rəisi Səyavuş Abdullayev müəssisənin həyata keçirdiyi işlərə münasibət bildirərək qeyd edib ki, dayaz quyuların qazılmasının özünəməxsus xüsusiyyətləri var: "Dayaz quyularda baş verə biləcək hadisələrin tezliyini nəzərə alaraq, qazma briqadasından daha diqqətcil və çevik olmaları tələb olunur. 28 saylı quyunun qazılmasında müəssisəmiz yeni avadanlıq - HH 300 qazma qurğusundan uğurla istifadə edib. 300 at gücündə olan, tam avtomatlaşdırılmış və yığcam olan bu qurğu hidravlik olduğundan qazma baltasına əlavə olaraq 30 tona yaxın yük verə bilir".

28 saylı quyu cari ilin 3 fevral tarixində sifarişçiyə təhvil verilib. Quyu gündəlik 20 ton neft hasilatlı ilə istismar fonduna qəbul edilib.

Şirkət əmindir ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.

Xəbər lenti

Xəbər lenti