...

IBM Azərbaycanda nümayəndəlik açdı

Telekommunikasiya Materials 5 Mart 2015 17:09 (UTC +04:00)
Bu gün Bakıda “International Business Machines” (IBM) korporasiyasının yeni ofisinin açılışı olub.
IBM Azərbaycanda nümayəndəlik açdı

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bu gün Bakıda "International Business Machines" (IBM) korporasiyasının yeni ofisinin açılışı olub.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, yeni ofis şirkətin mövqeyini möhkəmləndirmək üçün müştərilərə bulud texnologiyalarının, infrastruktur həllərin, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.

Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, IBM-in Azərbaycanda nümayəndəliyinin açılması və fəaliyyət göstərməsi ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunması üzrə milli strategiyanın həyata keçirilməsinə yardımçı olmaqla yanaşı, yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək.

Tədbirdə çıxış edən IBM-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, şirkət inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır: "Yüksək inkişaf tempinə və artmaqda olan rəqabətqabiliyyətinə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb".

IBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov deyib ki, Azərbaycanın islahatlı iqtisadi inkişafı nəticəsində ölkədə qabaqcıl texnologiyalara tələb artır: "Belə ki, şirkətlər öz fəaliyyətlərini daha effektiv və rəqabətqabiliyyətli etməyə can atırlar. IBM tərəfindən bu bazarda təklif olunan mütərəqqi məhsullar yüksək tempə malik iqtisadiyyatın inkişafında yeni bir mərhələnin əsasını qoyacaq".

"IBM" şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat sahələrini təmsil edən şirkətlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti