...

Azərbaycanın hakim partiyası Fransa parlamentinin qəbul etdiyi qanuna sərt reaksiya verib

Siyasət Materials 24 Yanvar 2012 12:44 (UTC +04:00)
Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu.
Azərbaycanın hakim partiyası Fransa parlamentinin qəbul etdiyi qanuna sərt reaksiya verib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu qanun tək Türkiyəyə qarşı deyil. Onun hədəfində olan bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir.

Əhmədovun fikrincə, bundan sonra demokratik dəyərlərin təbliğatçısı kimi Fransanın səmimiliyinə inam ciddi şəkildə azalacaq.

YAP-ın sədr müavini bildirib ki, Fransada qəbul olunan bu qanun Azərbaycanın da maraqlarına toxunur.

Əhmədovun fikrincə, bu qanunun qəbulu Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsini göstərir.

"Azərbaycanda bu ölkəyə qarşı olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq", - Əhmədov deyib.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti