...

Azərbaycanda sürücülər çipli dövlət nömrə nişanları yararsız hala düşdükdə nə etməlidir?

Cəmiyyət Materials 24 Fevral 2012 11:00 (UTC +04:00)
Azərbaycan yol polisi avtomobillərin dövlət nömrə nişanları yararsız hala düşdükdə və itdikdə onların bərpası və verilməsi məsələsinə aydınlıq gətirib.
Azərbaycanda sürücülər çipli dövlət nömrə nişanları yararsız hala düşdükdə nə etməlidir?

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisi avtomobillərin çip dövlət nömrə nişanları yararsız hala düşdükdə və itdikdə onların bərpası və verilməsi məsələsinə aydınlıq gətirib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdirildiyindən, nömrə yararsız hala düşdükdə onun kustar üsulla bərpası yolverilməzdir.

Bu halda avtomobilin sahibi imtahan-qeydiyyat məntəqəsinə müraciət edib yararsız hala düşən həmin dövlət-qeydiyyat nişanını təhvil verib yenisini almalıdır.

"Bu halda yeni dövlət qeydiyyat nişanına görə dövlət rüsumu həmin vətəndaş tərəfindən ödənilir. Vətəndaşa eynilə həmin nömrə verilir və avtomobilin sahibi həmin nömrəyə görə dövlət rüsumunu ödəyir", - Əliyev deyib.

İdarə sözçüsü bildirib ki, bu halda cərimə nəzərdə tutulmayıb.

Dövlət nömrə nişanı itdiyi halda da avtomobil sahibi üçün cərimə nəzərdə tutulmayıb.

Əliyevin sözlərinə görə, bu halda vətəndaşa həmin nömrə nişanı verilmir.

Şöbə rəisi deyib ki, ötən ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə görə, itən nömrə tapılanda ilk olaraq əvvəlki sahibinə təklif olunur. Sahibi nömrədən imtina etdiyi halda, digər nəqliyyat vasitəsinə verilir.

Elektron daşıyıcılarda (ÇİP) dövlət qeydiyyat nişanının hansı nömrədən olduğu qeyd edilib.

Əliyev deyib ki, nömrə hansısa səbəbdən oxunmadıqda, onun içindəki elektron daşıyıcı nömrənin hansı qeydiyyat nişanı olduğunu bildirir. Elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkündür.

Əliyev qeyd edib ki, elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verir.

Qeyd edək ki, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti