Bakı. Trend:
23 tunisli qeyri-qanuni miqrant İtaliyaya keçmək istəyərkən Aralıq dənizində itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə Tunis Milli Qvardiyasının şənbə günü yaydığı bəyanatda bildirilib.
“23 nəfərlik tunisli miqrant qrupu mayın 3-də gecə saatlarında şimal-qərbdəki Nabeul əyalətinin Korba sahillərini tərk edərək Aralıq dənizi ilə qanunsuz yollarla İtaliyaya keçməyə cəhd ediblər”, - Tunis Milli Qvardiyasının “Facebook” səhifəsində dərc edilmiş bəyanatda deyilib.
“23 nəfərin ailəsi mayın 14-ü və 15-də onlarla əlaqənin kəsildiyini bildiriblər”, - deyə məlumatda vurğulanıb.
İtkin düşən qeyri-qanuni miqrantların axtarışları davam edir.
Yeri gəlmişkən, Tunis təhlükəsizlik qüvvələri bu immiqrasiya cəhdinin beş təşkilatçısını həbs edib.