Bakı. Trend:
ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə təhlükəsizlik məsələsi ilə bağlı "dolayı danışıqlar" aparıb.
Trend xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda ABŞ tərəfindən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak edib. Məsləhətləşmələrdə İran tərəfindən kimin iştirak etdiyi açıqlanmayıb.
Qeyd olunub ki, danışıqlarda İranın və onun proksi qüvvələrinin regionda fəaliyyətinin mümkün nəticələri, eləcə də ABŞ-nin Tehranın nüvə proqramı ilə bağlı narahatlığı müzakirə olunub.
Portal bu məsləhətləşmələrin ilk dəfə bu ilin yanvar ayında Omanda analoji danışıqlar aparılanda keçirildiyini bildirib. Qeyd olunub ki, ABŞ və İranın dolayı danışıqları aprelin 13-də Tehran İsrail ərazisinə raket pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsinin üzərindən 1 aydan çox keçdikdən sonra baş tutub.