Bakı. Trend:
Roma Papası dünyanın müxtəlif ölkələrindən olan merlər və qubernatorlarla Papa Elmlər akademiyalarının təşkil etdiyi iqlim sammit çərçivəsində keçirilən xüsusi qəbulda görüşüb.
Trend “Vatikan xəbərləri” saytına istinadən xəbər verir ki, Roma Yepiskopu çıxışında iqlim dəyişikliyi ilə bağlı bəşəriyyətin qarşısında duran çağırışların ciddiliyinə diqqət yetirib.
O qeyd edib ki, karbon emissiyalarının azaldılması sahəsində mövcud səylər kifayət deyil: bərpaolunan enerji mənbələrinə sürətli keçid, eləcə də yenilikçi texnologiyaların tətbiqi lazımdır. “Ətraf mühitin məhv edilməsi Tanrıya qarşı bir cinayətdir və planetin bütün sakinləri, xüsusən də qeyri-mütənasib risklərlə üzləşən yoxsullar, qadınlar və uşaqlar üçün ciddi bir təhdiddir"- deyə Roma Papası bildirib.
Papa iqlim dəyişikliyi ilə biomüxtəlifliyin itirilməsi, bərabərsizlik, ərzaq çatışmazlığı kimi qlobal problemlər arasındakı əlaqəni qeyd edib. Bundan ən çox yoxsul dövlətlər əziyyət çəkirlər, onlar iqlim dəyişikliyinə minimal təsir göstərsələr də, emissiyaların əksəriyyətinə görə varlı ölkələr məsuliyyət daşıyır. Təəssüf ki, cəmiyyətin həssas təbəqələrinə diqqətsizlik və dezinformasiya kollektiv səylərə mane olur.
Roma Yepiskopu, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma və yaşıl iqtisadiyyata keçid səylərində beynəlxalq maliyyələşdirməyə də dəstək verməyə çağırıb. Qazıntı yanacağı asılılığından qurtulmaq üçün universal bir yanaşma, qlobal dekarbonizasiyaya doğru siyasət dəyişikliyi tələb olunur. Atmosferin karbon qazından təmizlənməsi də təbiətin rasional idarə olunması ilə həll edilməli olan vacib bir vəzifədir və bu prosesdə təbiətin özü müttəfiq ola bilər. Papanın sözlərinə görə, ekosistemlərin inkişafı və Amazon və Konqo meşələri, okeanlar və riflər kimi təbii ehtiyatların qorunması iqlim dəyişikliyi ilə mübarizənin ayrılmaz hissəsidir.
Roma Papası ekoloji ədalət prinsiplərini əks etdirən yeni maliyyə strukturunun yaradılmasının zəruriliyini qeyd edib: borcların restrukturizasiyası, ekoloji cəhətdən davamlı inkişafa qoyulan investisiyalar. O vurğulayıb ki, gələcək nəsillər üçün davamlı gələcək yalnız birgə səylərlə təmin edilə bilər.