...

Nizami rayonunda Beynəlxalq Ahıllar Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2014 16:27 (UTC +04:00)
1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ahıllar arasında stolüstü oyunlar üzrə yarış keçirilib.
Nizami rayonunda Beynəlxalq Ahıllar Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ahıllar arasında stolüstü oyunlar üzrə yarış keçirilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışıb. Bildirib ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır.

G.İsrafilova Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb: "Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün Azərbaycan dövləti tərəfindən yaşa görə əmək pensiyasının baza və sığorta hissələrinin artırılması bu kateqoriyadan insanlara göstərilən qayğıya daha bir bariz nümunədir".

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın (2014-2020-ci illər) layihəsi hazırlanır. Layihənin hazırlanması zamanı BMT-nin Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə Vyana Nazirlər Konfransının prinsipləri, ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və s. məsələlər diqqətdə saxlanılır.

Çıxış edən Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mail Əliyev göstərilən diqqət və qayğıya görə ahıllar adından təşəkkürünü bildirib. Qeyd edib ki, Nizami rayonunun ahılları, ağsaqqalları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng ölkələri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazım olacaq: "Yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir".

Çıxışlardan sonra yarışlara start verilib. Şahmat, nərd və dama üzrə keçirilən yarışlarda I, II və III yerlərin qalibləri müəyyənləşdirilib, tədbirin bütün iştirakçılarına pul mükafatları və xatirə hədiyyələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti